“Matçın sonlarında rəqibin bəxti gətirsəydi, oyun bərabərliklə bitərdi”
Fanat.Az xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Bakıda Azərbaycan millisinə qarşı keçirdikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları oyunu şərh edib:
"Rəqibə hörmətlə yanaşırdıq. Qələbə qazanmaq istəyirdik. Lazım olan nəticəni əldə etdik. Oyunun favoriti biz idik. Azərbaycan millisinin qol vurmaq üçün şansları var idi".
O, Azərbaycan millisinin heyətində Mahir Emrelinin çıxışını fərqləndirib:
"Bu gün Mahir Emreli taktiki cəhətdən özünü yaxşı tərəfdən göstərdi. Təsadüfi deyil ki, Mahir son olaraq II Bundesliqada top qovub. Azərbaycan millisinin heyətində digər oyunçular da özlərini sübut etməyə çalışırdılar. Ola bilsin ki, texniki cəhətdən bir qədər hazırlıqsızdırlar, ammapis oynadıqlarını demək olmaz.
Biz keçən dəfə Bakıda 3:1 hesablı qələbə qazanmışdıq. Bakıdakı oyunlar asan olmur. Azərbaycan yaxşı təşkilatlanmış komandadır".
Qeyd edək ki, "Liv Bona Dea Arena"da baş tutan Azərbaycan - Macarıstan oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.