"Mahir Emrelinin "Kayzerslautern"lə müqavilə bağlaması bir azərbaycanlı üçün əla variantdır. Hər şeyə real baxmaq lazımdır. 2-ci Bundesliqada çıxış etmək çoxlarının arzusudur".
Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu, məşçqi Xaqani Məmmədov deyib.
2007/2008 mövsümündə "İnter"in heyətində 19 qolla Premyer Liqanın bombardiri olmuş mütəxəssis Mahirin Almaniyanın elit çempionatında da oynamağa qadir olduğunu vurğulayıb: "Mahir yaxşı sürətə, zərbələrə malik oyunçudur. Böyük klubları demirəm, amma Mahir Bundesliqanın orta səviyyəli komandalarında da oynaya bilər. Kimlərsə onun "Kayzerslautern"ə keçməsini sıradan hal kimi qəbul edir, amma bir azərbaycanlı hücumçunun belə karyera qurmağı bacarması böyük işdir. Ötən mövsüm özünü "Nürnberq"də yaxşı tərəfdən göstərdi, indi də "Kayzerslautern"dəki çıxışını həvəslə izləyəcəyik. Başqa futbolçularımız da onun etdiyini təkrarlamağa çalışsalar, yaxşı olar. 2-ci Bundesliqa yetərincə səviyyəli çempionatdır".
Xatırladaq ki, Emreli bu yay "Kayzerslautern"lə 3 illik müqavilə bağlayıb.
Nihat