Azərbaycan Kubokunun son qalibi "Sabah" ölkəmizi UEFA Avropa Liqasında təmsil etmək hüququ qazanıb. "Bayquşlar" sözügedən turnirin ilkin təsnifat mərhələsində Sloveniyanın "Sele" komandası ilə üz-üzə gələcəklər. Tanınmış mütəxəssis, geridə qalan mövsümün sonunda "Kəpəz"in baş məşqçi postundan ayrılan Azər Bağırovla əlaqə saxlayıb təmsilçimizdən bu rəqiblə mübarizədə nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Sabah"ın baş məşqçisi dəyişib. Vasili Berezutskini Valdas Dambrauskas əvəzləyib. Bu məqam mütləq nəzərə alınmalıdır. Yeni mütəxəssisin komandaya uyğunlaşmasına əlbəttə ki, müəyyən vaxt lazımdır. Təbii ki, yeni oyun fəlsəfəsinin tətbiqinin rəsmi matçlarda müəyyən fəsadlara yol açması mümkündür. "Sabah"ın son yoxlama oyunlarında buraxdığı qollara da diqqət yetirməliyik (Masazır təmsilçisi Avstriya toplanışında "Rapid"lə (Rumıniya) 2:2, "Pakş"la (Macarıstan) 3:3 hesablı heç-heç edib -red). Komandamız bu iki sınaq qarşılaşmalarında qapısında 5 qol görüb. Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər. Sloveniya klubunda vəziyyət başqadır. Komandanı ötən ildən ispaniyalı Albert Riera çalışdırır. İspaniyalı mütəxəssisin sərəncamındakı oyunçuların hər birini yaxından tanıdığı bəlli məsələdir. "Sele" əsasən yerli futbolçulardan qurulub. Xorvat və bosniyalı legionerləri də var. Rəqibin ən üstün cəhətlərindən biri hücumameyilli oyun sərgiləməsidir. Amma əlbəttə ki, "Sele"nin də zəif cəhətləri var. Ümid edirəm ki, "Sabah"ın məşqçilər korpusu rəqibin çatışmazlıqlarını təhlil edəcək və bu mübarizədən təmsilçimiz qalib ayrılacaq. Sloveniyalılar son yoxlama görüşündə "Çukariçki"yə məğlub olublar. Rəqib "çukariçki"yə yenildiyi matçda standart vəziyyətlərdən və əks-hücumlardan qollar buraxıb".
Qeyd edək ki, "Sabah" və "Sele" arasında ilk oyun iyulun 10-da Bakıda, cavab görüşü bir həftə sonra səfərdə baş tutacaq.
Nihat