Bugünlərdə doğma diyara - Neftçalaya yolum düşmüşdü. Doğmalarla, qohumlarla, dostlarla hal-əhval tutduqdan sonra eşitdim ki, bu gün şəhər stadionunda futbol var. Doğrusu, elə bildim yerli Neftçala komandası Region Liqasında növbəti oyununu keçirir. Üz tutdum stadiona. Bəlli oldu ki, U-15-lər arasında Region Kuboku yarımqrupunun növbəti turudur. Təəccübümə səbəb oldu. Onu da öyrəndim ki, yerli Neftçala komandası bu yarışda oynamır. Bəs necə olur ki, Neftçalada tur keçirilir?!
Bəlli oldu ki, 8 region yığmaları arasında yarışdır. İki oyunun Neftçalada keçirilməsinə sevindim. Stadion, paltardəyişmə otaqları, tribunalar, plastik oturacaqlar, beynəlxalq olmasa da, daxili tələblərə cavab verir. Əsas da süni deyil, təbii ot örtüyü normal vəziyyətdə idi. İlk qarşılaşmanın ikinci hissəsinə yetişmişdim. Stadionda təhlükəsizlik, polis naryadı, təcili tibbi yardım maşını, hakimlər briqadası, bir sözlə, hər şey qaydasında idi. Tək gördüyüm oyun səviyyəsindən başqa... Aydın oldu ki, turnir AFFA-nın razılığı, nəzarəti və bayrağı altında keçirilir. Dərhal düşündüm ki, belə bir yarış, özü də peşəkar futbola qədəm qoyan, son mərhələyə yaxınlaşan yeniyetmə futbolçuların oyunları niyə diqqət mərkəzindən uzaq qalıb. Doğrusu, ikinci hissəsinə yetişdiyim oyun məni pərişan etmişdi. Fikirləşdim ki, yəqin buna görə təşkilatçılar yarışı işıqlandırmaq istəməyiblər. Pərişan, ümidsiz halda stadionu tərk etmək istəyirdim...
Bu anda ikinci cütün komandalarının meydana isinmə hərəkətlərinə çıxdığını gördüm. Biri "Sumqayıt"ın formasında, digəri "Sabah"ın bazasında formalaşdırılan Bakı yığma komandasının geyimində. İlk oyunda gördüklərimdən fərqli, "razminka"dan dərhal hiss olunurdu ki, uşaqlar hazırlıqlıdı.
Diqqətimi cəlb etdi, ayaq saxladım. Xəzərlə Kürün bir-birinə qovuşan sərin mehi əsl futbol havasından xəbər verirdi. Nəhayət, referi gənc futbolçuları meydana dəvət etdi, start fiti səsləndirildi. Bir qədər əvvəlki pərişanlığımdan əsər-əlamət qalmamışdı. Meydanda yeniyetmə futbolçuların funksional hazırlığı, oyun intizamı, taktika anlayışları, uşaqların çoxunun fərdi bacarığı, texniki imkanları, yaşlarını aşan oyun səviyyələri, əzmkarlıqları qarşılaşmanı birnəfəsə izləməyə vadar edirdi. Bakılıların üstünlüyü hiss olunsa da, meydanda əsl mübarizə gedirdi. Oyunla yanaşı, yeniyetmə futbolçuların intizamı, bir-birlərinə olan münasibəti sevindirici idi. Bütün futbolçuların diqqəti oyuna yönəlmişdi. Hətta zədə hallarında belə, futbolçuların mübahisə etdiyini görmədim. Gənc hakimlər də görüşü yaxşı idarə edirdilər.
Bakı yığmasının çoxgedişli ikinci qolunu seyr etməyə də dəyərdi. Səmimi deyim ki, belə qolları biz ancaq Avropa meydanlarında görə bilirik. Oyun elə dinamik gedirdi ki, vaxtın necə keçdiyini hiss etmədim. Hətta referinin final fiti təəssüfləndirdi...
Stadionu tərk edərkən məni qəribə, ikili hisslər bürümüşdü. İlk oyun hara, ikinci görüş hara... Maraqlandım, məlum oldu ki, ilk oyun autsayderlə lider arasında keçirilirmiş. Tərəflərin səviyyə fərqi çox idi.
Bir yandan da sevinirdim ki, Azərbaycanda istedadlar yox deyil. Təki bu uşaqlar itib-batmasınlar.
Bakıya qayıtdıqdan sonra turnirlə maraqlanmağa davam etdim. Artıq qrup oyunları sona çatıb. Qrup qalibləri - Bakı komandası ilə şimal-qərb yığması finalda üz-üzə gələcəklər, qrup ikinciləri - qərb və şimal yığmaları isə üçüncü yer uğrunda mübarizə apacaqlar. Hər iki görüş 12 iyul tarixində Mingəçevir şəhər stadionunda keçiriləcək.
Neftçaladan paytaxta dönərkən, yolboyu düşündüklərim, gördüklərimdən çıxarışım belə oldu: az da olsa, sabahın futboluna ümid var. İstedadlarımız yox deyil, sadəcə, onları futbol sisteminə salıb böyük futbola kimi daşımaq lazımdır. Yoxsa əvvəlkilər kimi yarıyolda "buxarlanacaqlar".
Uşaq futbolu deyə-deyə qalmışıq, futbolçular var. AFFA, təşkilatçılar belə yarışlara diqqəti artırmalı, sistemli hala gətirilməlidirlər. Neftçalada Kürün Xəzərə töküldüyü yerdən Mingəçevirin Kür sahilinə səfər edəcək U-15-ləri, yeniyetmə futbolçuları yenidən izləməyə dəyər. Təki gələcəkdə soraqları Dunay, Elba, Adriatik sahillərindən gəlsin... Onlar Azərbaycan futbolunun gələcəyidirlər.
Əli Sahib