Bu gün - Topaz Premyer Liqasının VIII turu şərçivəsində "İnter Arena"da "Qarabağ”a yenilən (0:2) "İnter”in qapıçısı Orxan Sadıqlı oyundan sonra jurnalistlər önünə çıxıb. Fanat.Az xəbər verir ki, əsəbi və küskün görünən gənc əlcək sahibi bir sıra önəmli məqamlara toxunub.
- Sona yaxın buraxdığınız qollarla uduzduz...
- Bəzi şeyləri danışmaq olmur. Cəmi 12 futbolçumuz var. Nə edək? Qışa qədər birtəhər dözməliyik. Bezmişik, gücümüz tükənib. İkinci qoldan sonra ümumiyyətlə, futbol oynamaq istəmirəm.
- Gücünüzün tükənməsinin səbəbi maddi problemlərdi?
- İşim futboldu. Başqa qazanc yerim də yoxdu. Başqa yerdən gəlirim olsaydı, fikirləşməzdim. Hər kəsin ailəsi, ehtiyaclarını ödəməli olduğu ailə üzvləri var. Pul ala bilmirsənsə, istər-istəməz işlərin axırının necə olacağını düşünürsən. Fikrin gedir başqa aləmə. Oyunçu matça köklənə bilmir.
- Bəlkə haqqınızı almaq üçün oyuna çıxmayasız?
- Bu, çıxış yolu deyil. Oyuna çıxmasaq nə dəyişəcək ki? Onsuz da qışa qədər oynamalıyıq. Amma fakt budu ki, indiki vəziyyət çıxışımıza çox pis təsir göstərir.
- Deməli, rəhbərlik hər dəfə sizi aldadır?
- İki aydı maaş almırıq. Bir söz deyim, toyumu buna görə məhərrəmlik ayından sonraya saxladım. Pulumuzu vermirlər, toyumu necə edim? Tək mən deyiləm bu vəziyyətdə olan, komandanın hər bir üzvü bu durumdadı. Hər kəs 3-4 ailəyə baxır. Görün maaşların verilməməsi nə qədər insana təsir edir. Bu vəziyyət "Xəzər Lənkəran”da da yaşandı. Ordan bura gəldim ki, 5 manat qazanım, burda da belə qazandım. İndi yeznəm mənə iş axtarır. Artıq fikrimizi belə şeylərə yönəltmişik.
- Qışda getmək haqda düşünürsüz?
- Getmək istəyən rəhbərliklə razılaşmalıdı.Hamımızın klubla müqaviləmiz var. Kimin qalıb kimin gedəcəyini zaman göstərəcək.
- "Xəzər Lənkəran”ın aqibətinin "İnter”i də gözlədiyini demək olarmı?
- Həmin vəziyyət yaranıb. Əlbəttə, ola bilər. "İnter”də dağılsa, futbolumuzun sonu yaxşı olmayacaq. Biz futbolçuyuq, öz işimizi görməliyik. Klubun yaşayıb-yaşamayacağı ilə rəhbərlik məşğul olacaq.
- Oyunlara sizi nə kökləyə bilər?
- Stimul olmalıdı. Maaşımızı vaxtında verilməlidi, qələbəyə görə mükafat almalıyıq. Ailəli insanlar var. Heç birimizin cibinə atamız hər gün 500 manat qoymur ki, get, xərclə. Zaur müəllim ("İnter”in Müşahidə Şurasının sədri Zaur Axundovu nəzərdə tutur - red. ) Azərbaycanda yoxdu. Deylənə görə qayıdandan sonra maaşlar verilməlidi.
Fanat.Az