"Atletoko”nun nüfuzu və hakimin fransız "damar"ının tutması oyuna damğa vurdu. Rəqibə simpatiya 90 dəqiqə ərzində hiss olunurdu”. Bu sözləri Fanat.Az-a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov deyib.
"Qarabağ” – "Atletiko” oyunundakı hakim idarəçiliyini dəyərləndirən Süleymanov fransız referi Ruddi Bukenin yaxşı gördüyü epizodu düzgün qiymətləndirmədiyini vurğulayıb:
"Dinonun epizodunda referi öz niyyətini açıq göstərdi. Birmənalı penalti idi. Ndlovu rəqibi aldadaraq əlverişli zərbə mövqeyinə çıxırdı. Onun simulyasiya edib yıxılmağa ehtiyacı və niyyəti yox idi. Sürətdə bu tip aldadıcı fənd işlədib istiqaməti dəyişərkən rəqib futbolçunun ayağa hətta zəif zərbəsi belə kifayət edir. O epizodda isə Dinonun ayağına zərbə açıq-aşkar idi. Futbolçunun epizoda uyğun bu tərzdə yıxılması təbiihaldı. ÇL-in qrup oyununu idarə edən təcrübəli hakimin bunu görməməsi mümkün deyil. Epizod idarəçilik baxımından çox sadə və açıq idi. Baş hakim risk edib penalti təyin etmədi, əksinə, "doğru" bildiyi qərarını təsdiqləmək üçün daha dərinə gedərək Dinoya ikinci "sarı”, ardından qırmızı vərəqə göstərdi. "Qarabağ"a qarşı ikili cəza verdi. Ağdamlıların oyunu yalnız "Atletiko”, Simeone, rəqib futbolçulara təsir etməmişdi. Eyni zamanda, baş hakim "Qarabağ"dan belə məzmunlu oyun gözləmirdi. Nə yaxşı ki, futbolçularımız 10 nəfərlə nəhəng rəqib qarşısında "sınmadı" və qrupda tarixi ilk xalla yanaşı, 500 min avro qazanaraq azarkeşləri sevindirdi”.
Fanat.Az