Nihat Ağasoy
Almaniyadan alınan 0:7 hesablı məğlubiyyətin ardından U-21-in Kosovonu yenə biləcəyini mən də güman edirdim. Yeni müstəqillik qazanmış ölkənin Bakıda "sürünməyəcəyinə” əmin olsam da, münasib rəqibə qalib gəlməyin real hədəf olduğunu düşünürdüm. Əlbəttə, bu oyuna qədər yer aldığı qrupda 2 qələbə qazanan komanda asan "yem” olmadığını isbatlamışdı. Söhbət topun, futbolun nə demək olduğunu anlayan sabiq Yuqoslaviyanın ərazisindən gedirsə, əlavə şərhə də ehtiyac qalmır.
Oyunun sonlarında iki "qırmızı” alan yığmamız böyük çətinliklə 1 xal qazanmağı bacardı. Qol vurmadan, sərgilədiyi futbolla daha artığına ümid etməyə imkan vermədən. Oyundan sonra düzənlənən ənənəvi mətbuat konfransında baş məşqçi Samir Ələkbərovun səmimi və acizanə açıqlamaları isə çoxlarının ürəyinin başına od saldı. Son günlər oynadığı futbolla yox, milli üzvünə yaraşmayan davranışlarıyla gündəmdən düşməyən Elnur Cəfərovun hərəkətlərindən xəbərsiz olduğunu bildirən çalışdırıcı "vaxtında xəbər tutsaydım, onu bazadan qovardım” söyləməklə özünü çətin vəziyyətə saldı. "Mən kənardan nə qədər göstəriş versəm də, futbolçular meydanda öz bildiklərini edirdilər. Azərbaycanca da demişəm, rusca da... Xeyri yoxdu” etirafı isə həm konfrans zalına toplaşanları, həm də orda dilə gətirilən bu cümlələri jurnalistlərin hesabına qəzetlərdən, saytlardan oxumaq şansı qazananları mat qoydu. Köməkçilərinin - Aslan Kərimovla Cahangir Həsənzadənin Ələkbərovun işinə niyə müdaxilə etdiyini incələmək isə başqa yazı mövzusudu.
Uğur güzgüdən başlayır. Arada güzgüdə özünə baxıb "mən kiməm və bu həyatdan nə istəyirəm” sualına cavab axtarmayan, yeri gəlsə, öz gözlərinin içinə tüpürməyi bacarmayan insanın uğur qazanmaq, cəmiyyətə faydalı olmaq ehtimalı çox azdı. Əminəm ki, U-21-in heyətinə cəlb edilən gənclərin 90 faizi heç vaxt özünə, öz üzünə, öz gözünə tüpürməyib. Tüpürmüş olsaydılar, milli formaya sayğı duyar, çiyinlərinə düşən yükün məsuliyyətini anlayardılar və toplum bu uşaqlardan qurulmuş komandaya tüpürməzdi.
Təbii, idmançıdan müəllim, həkim, alim intellekti ummaq da utopik yanaşmadı. Milli futbolçudan tələb olunan öz peşəsinə, ölkəsinə, xalqına və başbuğuna – baş məşqçisinə hörmətdi. Sadalananlar fonunda müəyyən intellekti də olsa, lap yaxşı. Tin uşağı düşüncəsiylə yaşayan, "stremlyaqa” ları yamsılayan adamı milli formaya yaxın buraxmazlar. Nə yazıq ki, bu gün əsas yığmanın gələcəyindən belələrinin silləyə və bir lopa tüpürcəyə layiq sifətləri görünür. Bunun da səbəbi aşağı yaş qrupları üzrə yığmalarla düzgün iş aparılmamasıdı. Milli komandalarla məşqçilərdən əlavə psixoloqlar da işləməlidi. Düzgün yönləndirmə, təlimatlandırma erkən yaşlarda gələcəyin futbolçularının beyninə, ruhuna yeridilməlidi.
AFFA-da əyləşənlərin uğursuz fəaliyyətinin kökündə duran əsas amillərdən biri mentallığa diqqət ayırmamalarıdı. Məsələn, Almaniyada effekt verən sistemi xalqların kökəni, ümumi xarakteri və gündəlik həyat tərzini arasındakı uçurumu nəzərə almadan Azərbaycanda tətbiq etmək istəyərək fiaskoya uğradılar. Xalqın neftindən gələn pulları foqtslara, lippertlərə, gedelərə yedirtdilər. Təlim-məşq toplanışlarına xərclənən milyonlar havaya sovruldu. 10 ildən artıq vaxt keçdi... Və futbolumuz inkişaf etmək əvəzinə Bermud üçbucağına düşmüş gəmi kimi yerində fırlandı, çabaladı, can verdi. Yenə təsadüfi qələbələrə sevinir, iki təsadüfi uğur ardıcıl gerçəkləşəndə ümidlənir, sonucda tsikli "cırtdanlar”dan öndə bitirməklə kifayətlənirik. Nə vaxta qədər?
"Futbol+"