Londonda "Çelsi” fanatlarının bir araya gəldiyi məkanları tapmağa çətinlik çəkməsəm də, pivə masası arxasında kefli fanatlarla söhbətləşməyi münasib saymadım. Demək olar hamısı sərxoş idi. Məni böyük coşğuyla pivə içməyə dəvət edənlərin arasından ünsiyyət qurmaq üçün uyğun hesab etdiklərimi (sərxoş olmayanları) seçdim və "Stemford Bric” yaxınlığındakı zadəganlar məhəlləsində gəzişə-gəzişə söhbətləşməyi, ardından boğazımızı yaşlamağı təklif etdim.Razılaşdılar. Biz klubdan çıxanda gurultu qopdu. İçəridəkilər hamısının əvəzindən müsahibə verəcək Eddini (Eddison Smit) önəmli oyunda hesabı açmış forvardmış kimi alqışladılar. Maraqlıdı ki, Smit (göy gödəkçəli) nə danışdısa, Henri Bob "cəbhə yoldaşı”nın dediklərini başıyla təsdiqləməklə kifayətləndi.
-"Çelsi”yə futbolun nə olduğunu anlayandan azarkeşlik edirəm. Bütün oyunlarına baxıram. 40 dərəcə qızdırmayla da stadiona getdiyim olub. Futbola baxmaq əyləncədən daha çox şeydi. Deyərdim ki, həyat tərzidi.
-"Qarabağ”ı tanıyırsızmı?
- Püskatmada "Qarabağ”ın adını eşidəndə biz onun Rusiya komandalarından biri olduğunu düsündük. Sonradan rəqiblərimizin kimliyi ilə maraqlananda işğal altında olan Azərbaycan torpaqlarını təmsil etdiyini anladıq. Düzünü desəm, sizin ölkə haqqında məlumatı "Qarabağ”a görə əldə etmişəm. Əvvəllər maraqlanmamışdım. Heç qonşu dövlətin sizin əraziləri tutduğunu da eşitməmişdim.
- Həmin işğal olunmuş ərazilərdə yerləşən şəhərlərdən birini – Ağdamı təmsil edən Azərbaycan çempionu Çempionlar Liqasında ilk oyununu "Çelsi”yə qarşı keçirdi və 0:6 hesabıyla uduzdu.
- Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Azərbaycan klubu bura qədər irəliləyə bilibsə, xoş sözlərə layiqdi. Debütanta qalib gələcəyimizi güman edirdik. Çünki bütün hallarda, "Çelsi”nin evdə təcrübəsiz rəqibə yenilməsi xoş olmayan sürpriz sayılardı. Xal itirməyəcəyimizə əmin idim. 6 cavabsız qol vurduq və bu bizi çox şənləndirdi. O oyunda sizin futbolçular çox sayda səhvlərlə diqqət mərkəzinə düşdülər. Hiss olunurdu ki, özlərini itiriblər. ƏIbəttə, bu hal bizim üçün yaxşı idi.
- Bəs "Qarabağ” – "Çelsi” oyunu ərəfəsində necə, fanatlarda xal itkisi, büdrəmə qorxusu yaranmışdı?
- Yox. Biz səfərdə də qələbə qazanacağımıza inanırdıq. Ancaq sizinkilərin də "qırmızı” Alana qədər əla oyun göstərdiklərini deməliyəm. Bizi topsuz qoymuşdular. Mən Azərbaycana getməmişdim. Elə bu klubda yığışmışdıq. Ekrandan izləyirdik. Bir epizodda "Çelsi”nin qapı dirəyini silkələdilər.
- Qırmızı vərəqə demişkən, "Qarabağ”ın müdafiəçisinin – Rəşad Sadıqovun qovulması səs-küyə səbəb oldu. Sizcə, hakim haqlı idi?
- Oyunçunuzun adı yadımda qalmayıb. O epizodda "qırmızı” verilməsi isə düzgün deyildi. Hə, bizim üçün yenə yaxşı oldu. İşimiz asanlaşdı. Amma ədalətlə yanaşsaq, qovulmalı deyildi. Oyundan sonra öz aramızda müzakirə etdik. Hakimlər turnirə ilk dəfə qatılan komandanı "sındırmalı” deyil. "Çelsi” o vərəqə olmasa da, qələbə qazana bilərdi.
- "Qarabağ” bu tur səfərdə "Roma”yla, London təmsilçisi evdə "Atletiko”yla üz-üzə gələcək.
- "Roma”yla oyunda "Qarabağ”a uğurlar arzulayıram. Sizin komanda "Atletiko”ya hər iki görüşdə problem yarada bilib. Hər oyunda "qırmızı” almasalar, daha yaxşı nəticələr qazanarlar.
Öncal Mədətsoylu, London
Fanat.Az