Deyəsən, kimlərinsə milliyyətini araşdırmaq xahişi ilə müvafiq orqanlara müraciət etməli olacağıq. Bunlar niyə belə edir, hərəkətlərinin fəsadlarını anlamadan dövlətçiliyə niyə zərbə vururlar? Belə işlər o qədər dəqiq ölşülüb-biçilməlidi ki, sabah zərbə altında qalmayaq.
Dünən Samur Aqomaqomedov adlı birinin açıqlaması diqqətimi çəkdi. Ermənistanın "Arsax” klubunun qapıçısı Azərbaycan yığmasından təklif aldığını, amma bundan imtina etdiyini açıqlayıb: "Mənə Azərbaycan U-21 millisindən təklif gəldi. Lakin öz agentimə güvəndim. Hansı ki, daha əvvəl Ermənistan millisində oynayırdı. Ona güvənib "Arsax”a keçdim”.
Bəlkə də özünüreklamdı, ermənilərə şirin olmaq istəyir; bəlkə də yalandı, dəyərli oyunçu saıldığını, milli komandadan onunla maraqlanan olduğunu gözə soxmaq istəyir – bilmirəm, bildiyim odur ki, bu açıqlama təsadüf deyil. Və reallıq faizi çox yüksəkdi. Çünki bu dağıstanlı balası AFFA-nın tez-tez üz tutduğu bazarın məhsullarındandı. Bəlkə də xalası oğlu, dayısının qonşusu, əmisini xalası oğlu bu dəqiqə də ölkəmizdə top qovur.
Milliləşdirilən onlarla dağıstanlı var. Elə bu səbəbdən AFFA-nın Aqomaqomedova dəvət göndərməsində də qeyri-adi bir şey yoxdu. Niyə başqaları bu barədə danışmır? Yəqin ki, AFFA-dakılardan kimsə ona çıxıb, təklif göndərib. Maqomed Kurbanov, Maqomed Mirzabekov, Ruslan Kurbanov, Şaxruddin Maqomadaliyev, Murtuz Abakarov – siyahını vaxtilə millilərimizdə oynayan digər futbolçuların hesabına Bakıdan Dərbəndə kimi uzatmaq olar. Samur da onlardan biri.
Problem ondadı ki, AFFA Azərbaycan vətəndaşlığını bu qədər ucuz tutub, 100-dən çox əcnəbiyə milli pasport verməsəydi, belə problemlər də ortaya çıxmazdı. Dağıstanlı üçün harada oynamağın ciddi fərqi yoxdu. Burada pulunu qazanır, lazımsız, səviyyəsiz futbolçu olduğu anlaşılanda isə Ermənistana getmək onun üçün problem deyil. Onlar legionerlər, əla qazanan muzdlular, müvəqqəti pasport sahibləridi. Azərbaycan millisində oynamaq onları azərbaycanlı etmir, damarlarındakı qan dəyişmir.
Hələ yaxşı ki, Aqomaqomedov millimizdə oynamayıb. 3 il öncəki olay daha pis effekt vermişdi. 2015-in fevralında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Şamil Qurbanov Ermənistan klubuna keçmişdi. İrəvanın "Uliss" komandası ilə anlaşan dağıstanlının açıqlamasına diqqət edək: "Mən hər iki xalqa hörmət edirəm. Siyasətçi deyiləm. Mən sadə bir Rusiya vətəndaşıyam".
Azərbaycan vətəndaşlığı yəni, buqədərmi ucuzdu ki, onu istənilən "sadə Rusiya vətəndaşı”na təklif edək?
Oxşar olay Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandasının futbolçusu Melis Sarıaltınla bağlı da yaranmışdı. Düsseldorfda İŞİD terrorçularının Suriyada kürdlərin yaşadığı Kobaniyə hücumuna etiraz aksiyalarına qoşulan millimizin üzvü, əynində "Kurdistan” ("Kürdüstan") yazılmış köynək və əlində PKK terrorçularının və təşkilatın lideri Abdullah Öcalanın fotosunun əks olunduğu bayraqla nümayişə çıxmışdı. O, "facebook” profilində paylaşdığı fotoya "Kobani yalqız deyil” statusunu yazmışdı.
Göründüyü kimi, ucdantutma milliləşdirmə, sabahı düşünmədən milli pasportun kimə gəldi bağışlanması tez-tez belə olaylarla üzləşməyimizə səbəb olur, siyasi qalmaqallara gətirib çıxarır. AFFA futbolçu yetişdirmək əvəzinə, əcnəbiləri gətirdikcə, həm sabahımızı məhv edir, həm də düşmən dəyirmanına su tökür. Halbuki daha istedadlı olan minlərlə həmvətənimiz var. Öz insanımızın qədrini bilsək, onlara diqqət atırsaq daha yaxşı olmazmı?
Mənbə: futbolinfo.az