"Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XVII turunda evdə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri görüşü şərh edib.
Gənc mütəxəssis "Report"a açıqlamasında qalibiyyətin onun üçün sürpriz olduğunu bildirib.
O deyib ki, matça 1 xal üçün çıxdıqları halda, qələbəyə seviniblər: "Biz əvvəl də aqressiv, istəkli oynayır, pressinq tətbiq edirdik. Bu, "Qarabağ” və "Qəbələ” ilə matçlarda daha yaxşı alındı. Həmin tempi saxlamağa çalışacağıq. Açığı, "Qəbələ”ni məğlub etməyimiz mənim üçün gözlənilməz oldu. Qalib gəlmək gözəl hisdir, lakin biz daha çox 1 xal qoparmaq barədə düşünürdük. Oyundan qabaq bir xala ikiəlli razı olardım. Bu gün "Qəbələ” ilə "Səbail”i bir tərəziyə qoymaq düzgün deyil. Onlar hər bir məsələdə bizdən üstündürlər".
Qarşıda ağır oyunlarının olduğunu deyən baş məşqçi "Kəpəz” və "Zirə” ilə səfər matçlarına köklənmələrinin vacibliyini dilə gətirib.
Qeyd edək ki, "Səbail” hazırda 17 xalla 6-cı pillədə qərarlaşıb.
Fanat.Az