Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov mövsümü erkən başa vura bilər.
Fanat.Az xəbər verir ki, Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında (IV Divizion) Berlin "Dinamo"sunun formasını geyinən 28 yaşlı hücumçunun dizində çat aşkarlanıb. Komandasının XXVII turda "Halberştadt” üzərində 4:2 hesablı qələbə qazandığı görüşdə "dubl" etməklə yanaşı, dizindən xəsarət alan forvardın 4 – 6 həftə oynaya bilməyəcəyi müəyyənləşib.
Çempionata mayın 12-də yekun vurulacağından, Dadaşov həmin müddətə qədər bərpasının çətin olacağını söyləyib: "Sol dizimin daxilində çat var. Ən yaxşı halda mayın 21-də Berlin zonası üzrə kubokun finalında oynaya bilərəm”.
"Dinamo” kubokun yarımfinalında "Tennis Borussiya” ilə qarşılaşacaq. Qalibin bir matçla müəyyənləşəcəyi duel aprelin 18-də olacaq.
Qeyd edək ki, Rüfət Dadaşov artıq Almaniyanın III Liqasında çıxış edən "Proyssen Myunster” klubu ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasına cari mövsüm başa çatandan sonra qoşulacaq. Azərbaycan yığmasına yenidən dəvət alması gündəmdə olan forvard hazırda Regional Liqanın bombardiridir. Onun hesabında 26 qol var. (Report.az)
Fanat.Az