Böyük ehtimalla Samir Abasov mövsümün sonunda "Sumqayıt"dan ayrılacaq. Mütəxəssis özü son açıqlamalarında buna işarə vurub. Düzdü, klubun yeni prezidenti Riad Rəfiyev onunla əməkdaşlıqda maraqlı olduqlarını və mövsümün sonunda bu barədə müzakirələr aparacaqlarını dilə gətirib. Lakin Abasovun komandanı tərk etməkdə israrlı olduğu bildirilir.
Hazırda onun üçün 3 variant var. Bunlardan birincisi və ən realı "Zirə"di. Son 11 oyunda qələbə qazana bilməyən, Avroliqa şansını çətinə salan qəsəbə təmsilçisinin Ayxan Abbasovla yolları ayıracağı və Samir bəylə müqavilə imzalayacağı deyilir. "Sumqayıt"ın çalışdırıcısının digər variantı "Neftçi"di. Amma onun Kamran Quliyevlə münasibətlərinin normal olmaması bu variantı kölgəyə alır. Abasovun həmçinin Roman Qriqorçuk istefa verəcəyi halda, "Qəbələ"yə üz tutacağı haqda da şayələr dolaşır. Hərçənd son ehtimal daha azdı.
İstənilən halda 40 yaşlı mütəxəssis "Sumqayıt"ı tərk edəcək. Amma komandadan tək getməyəcək. Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçinin özü ilə aparacağı futbolçulardan biri Amil Yunanovdu.
Məlumata görə, Abasov 25 yaşlı hücumçuya hansı kluba getsə, onu da özü ilə aparacağını bildirib. Eyni zamanda, Yunanovun özünün də "Sumqayıt"dakı maaşından narazı olması bəlli həqiqətdi. Məhz bu məşqçinin rəhbərliyi altında özünü yaxşı tərəfdən göstərən və milli komandaya yüksələn futbolçu onunla işləməkdə maraqlıdı.
Qeyd edək ki, Amil cari mövsümdə meydana çıxdığı 29 rəsmi oyunda 11 qol vurub.
Fanat.Az