Bu insanlar nə yeyir, nə içir? Onları belə məsul posta oturdanlar hansı ağılın yiyəsidi? Ümumiyyətlə, hansı xidmətlər qarşılığında belə birisinə "Kəpəz” kimi tarixi olan klubu tapşırıblar?
"Kəpəz"in icraçı direktoru Elnur Camalxanov qol.az saytına müsahibə verib. Açıqlamalarına gülməmək mümkün deyil. Elə danışır ki, sanki futbol ictimaiyyəti onun qədər sadəlövhdü, ya da uşaq başı aldadır.
Camalxanov "Kəpəz”in növbəti mövsümdə birinci divizionda oynayıb-oynamayacağı ilə bağlı suala belə cavab verib: "Bu barədə "Kəpəz” klubunun rəhbərliyinə heç bir rəsmi müraciət daxil olmayıb. Bildiriş almadığımıza görə, biz bu yöndə bir söz deyə bilmərik. Düzü, mən inanmaq istəmirəm ki, "Kəpəz" birinci diviziona düşəcək. Bunu zaman göstərəcək”.
Biri icraçı direktora izah etsin ki, heç kimə diviziona düşməyi ilə bağlı müraciət etmirlər. Bu, dəvətlə, xahişlə, müraciətlə olası iş deyil. Komanda sonuncu yeri tutub və reqlamentə görə elitanı tərk edəcək. Müraciəti Camalxanovun idarə etdiyi klub AFFA-ya etməlidi ki, bəlkə xahiş-minnətlə onları Premyer Liqada saxlasınlar.
Jurnalistin "Gəncənin yenidən futbolsuz qalması gündəmdədir və bu, ölkə futboluna təsirsiz ötüşməyəcək” qeydinə Camalxanovun əlavəsinə baxaq: "Bəli, tam olaraq razıyam. Gəncə futbolunun uzun illərə söykənən ənənəsi var. "Kəpəz” Azərbaycan futbolunun tarixində öz dəsti-xətti olan klubdur. Komandamızın Premyer Liqadan I diviziona düşməsi təbii ki, ölkə futboluna təsirsiz ötüşməyəcək. Bununla tək Gəncə yox, ümumiyyətlə, qərb regionu futbolsuz qalacaq. Məncə, bu qədər azarkeş kütləsini nəzərə almaq lazımdır”.
Yenə sarı simə toxunan sözlər, mənasız ənənə davası. Bəli, Gəncənin futbolsuz qalması çox pis haldı, amma buna görə elə Elnur bəy cavab verməlidi. Siz necə işləmisiz ki, bu gün belə uğursuz nəticə qeydə alınıb? Utanmaz-utanmaz oturub gözləməkdənsə, güzəştə ümid etməkdənsə, istefa vermək lazımdı. Deyək ki, "Kəpəz”ə güzəşt edildi, bu düşüncə, bu bacarıqla Camalxanov o kluba nə verə bilər ki? Yenə AFFA-nın ayırdığı büdcədən yüksək maaş alıb, gününü keçirməklə məşğul olacaq.
"Kəpəz”in ölkə futbolunda dəst-xətti olub, amma onun üzərindən elə səninkimilər xətt çəkməyibmi? Gəncəni, qərb bölgəsini düşünən adam mövsüm boyu nəticə üçün can verərdi, iş görərdi. İndi mənasız, yalvarış dolu açıqlamalarla mədət ummağın xeyri yoxdu. Azarkeş kütləsini elə Camalxanov nəzərə almalı, onlara yaraşan komanda qurmalı idi. Gəncəni futbolsuz qoyan Camalxanov, Mikayıl Nərimanoğlu, İslam Abbasov və başqa işbilməzlərdi. Zalım oğlu "Kəpəz”in meyidindən də nəsə umur.
Gəncə camaatı güzəştə yox, möhtəşəm komandaya, qələbələrə layiqdi. İanə ilə yaşayan, Bakıda məskunlaşıb, oyundan-oyuna doğma şəhərə gələn "Kəpəz” Camalxanova və onun yalnız öz maraqlarını güdən himayədarlarına gərəkdi.
Mənbə: futbolinfo.az