"Roman Qriqorçuku Azərbaycan çempionatından tanıyıram, "Qəbələ”yə rəhbərlik edirdi. Üstəlik, o, "Çernomorets”də işləyəndə orada tanıdığım braziliyalı futbolçular oynayırdı. Onlar mənə bu mütəxəssis barədə danışmışdılar. Onun yaxşı mentaliteti var və yaxşı məşqçidir. Ümid edirəm ki, həm onunla, həm də yerli oyunçularla münasibətim qaydasında olacaq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike deyib.
Qazaxıstanın "Astana” klubuna transfer olunan braziliyalı yarımmüdafiəçi sports.kz saytına müsahibə verib. Pedro "Qarabağ"ın Çempionlar Liqasındakı ilk qolunu vurmasından danışıb: "Çempionlar Liqasında "Qarabağ” üçün vurduğum qolu xatırlayıram. "Astana”nın da heyətində ÇL-də qol vuracağıma ümid edirəm. Lakin ilk növbədə qrupa düşməliyik. Buna nail olmaq üçün hər şeyimiz var. Ora düşmək üçün döyüşəcəyik".
Braziliyalı futbolçu həmyerlisi, millimizin və "Qarabağ"ın sabiq üzvü Riçard Almeyda ilə "Astana"da da birlikdə çıxış edir. Pedro onunla dostluğundan da danışıb: "O, yüksək texnikaya malik yaxşı oyunçur. Çox ağıllıdı. Bəli, biz dostuq və bunu dostum olduğu üçün söyləmirəm. Almeydanın "Astana”da da bacardığı kimi yaxşı oynayacağına ümid edirəm. O, Azərbaycan millisində oynayır. Mən isə heç bir yerdə 3 ildən çox qalmamışam. Azərbaycan pasportu almaq üçün orada 5 il çıxış etmək lazımdı. Hazırda mənim ürəyim Braziliya millisinə məxsusdu. Amma özünüz də yaxşı bilirsiniz ki, ora düşmək çox çətindi. Çünki çox yüksək səviyyəli futbolçular var. Ona görə də fikrimi "Astana”dakı çıxışıma cəmləmişəm".
Fanat.Az