"Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov klubun əvəzedici komandasının birinci divizionda iştirakından imtina etməsinin səbəblərini açıqlayıb.
Fanat.Az "Report"a istinadən xəbər verir ki, klub rəsmisi bunu bir neçə səbəblə əlaqələndirib:
"İlk növbədə, əvəzedici komandamızın divizionda iştirakı lüzumsuzdu. Digər tərəfdən, mayda bu məsələ Klublar Komitəsinin iclasında müzakirə edildikdə məlum oldu ki, əvəzedicilərin çempionatı davam etdiriləcək. Biz də həm təşkilati, həm də büdcə məsələlərini buna uyğun formalaşdırdıq. Lakin AFFA İcraiyyə Komitəsi əvəzedicilərin çempionatının divizionla birləşdirilməsinə qərar verdi. Bizim vəziyyətimizdə 2-3 dəfə çox. Çünki "Qəbələ"də əvəzedici heyət - U-19 və əsas komandada heyətə düşə bilməyən futbolçulardan ibarətdir. Amma indiki vəziyyətdə məcburuq ki, 22 - 25 əlavə futbolçunu daim qalmaq və digər məsələlərlə təmin edək. Bakıda bunu etmək çox rahatdı. Bölgədə isə 2-3 dəfə artıq büdcə lazımdı. Amma divizionda iştirakdan imtinamız təkcə büdcə məsələsi ilə bağlı deyil".
AFFA və PFL-ə də bu barədə məlumat verdiklərini deyən klub rəsmisi bildirib ki, burada qeyri-adi bir şey yoxdu: "I divizion ayrıca çempionat, fərqli təqvim, fərqli stadionlar deməkdi və bunun üçün ayrı komanda lazımdı. Bu səbəbdən, 2018/19 mövsümü üçün komandamızın bu çempionatda çıxışını mümkün hesab etmədik və bununla bağlı AFFA və PFL-ə məlumat verdik".
Qeyd edək ki, 2018-2019 mövsümündə Azərbaycan I divizionunda Premyer Liqa klubları da iştirak edəcək. Bu barədə AFFA İcraiyyə Komitəsinin son iclasında qərar qəbul olunub.
Fanat.Az