"Astana"nın baş məşqçisi Roman Qriqorçuk postunu müvəqqəti tərk etməyib. O, yəqin ki, bir daha Qazaxıstanda görünməyəcək.
Klubun mətbuat xidməti Qriqorçukun şəxsi məsələlər səbəbindən müvəqqəti olaraq komandadan ayrılmalı olduğu haqda məlumat yayıb. Guya ki, klub rəhbərliyinə müraciət ünvanlayan mütəxəssis müvəqqəti olaraq köməkçisi Qriqoriy Babayanın onu əvəz etməsini xahiş edib. Əslində isə səbəb başqadı.
Ukraynalı davranışı ilə qısa müddətdə futbolçuları cana yığıb. O, oyunçularla həddindən artıq kobud, əsasən də söyüşlə danışırmış. Onları ən alçaldıcı sözlərlə təhqir edən məşqçinin hərəkətləri "Astana”nın üzvlərinin xoşuna gəlməyib. İçərisində millimzin üzvü Riçard Almeydanın da olduğu futbolçular sözü bir yerə qoyaraq klub rəhbərliyindən görüş istəyib və orada bu məşqçinin rəhbərliyi altında oynamayacaqlarını bildiriblər.
Vəziyyətin ciddiliyini görən rəhbərlik yenicə müqavilə bağladıqları məşqçini qova bilməyib. Amma onlar durumu məşqçiyə izah edib, birlikdə çalışmayacaqlarını bildiriblər. Əsəblər soyuyana kimi Qriqorçukun guya müvəqqəti olaraq kənara çəkildiyi açıqlanıb. Əslində isə hər şey dəqiqləşib və Qriqorçukun dönüşü mümkünsüzdü.
Hazırda klub rəhbərliyi məşqçi ilə normal şəkildə vidalaşmaq üçün uyğun zamanı gözləyir. İllik 1,2 milyon dollarlıq anlaşmanı ya ləğv etmək, ya da kompensasiya ödəmək lazımdı. Tərəflər ortaq məxrəcə gəlmək üçün yəqin ki, bir masa arxasına keçəcək. Hələliksə ictimai təzyiqdən yayınmaq məqsədəuyğun bilinir.
Qriqorçuk sərt xarakteri üzündən "Qəbələ”də də problem yaşayırdı. Xüsusilə yerli futbolçular bu səbəbdən onunla yola getmirdi. Sonda rəhbərliyin də səbr kasası daşdı və yayda onunla yeni müqavilə imzalanmadı. (futbolinfo.az)
Fanat.Az