"Bu mərhələdə son oyunumuzdu. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayırıq. Həddindən artıq soyuqqanlı olaraq öz oyunumuzu oynamalıyıq”.
Fanat.Az xəbər verir ki, bu sözləri Moldovanın "Şerif” klubu ilə Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi sabahkı matçda ön xətdə daha aktiv olacaqlarını bildirib: "Qol vurmaq lazımdı. Bunun üçün hücumda aktiv olacağıq. Bunun üzərində çalışmışıq".
Çempionlar Liqasının "Kukesi” və BATE ilə matçlarında "Qarabağ” qol vurmaq məcburiyyətində qaldığı zaman futbolçularda stress hiss olunurdu. Qurbanov bunun normal olduğunu düşünür: "Stress ildən-ilə çoxalır. Komanda uğur qazanırsa, ondan daha artığı gözlənilir. Nəticə verən komandalara rəqiblər daha ciddi hazırlaşırlar. Futbolçular üçün asan deyil. Bu, normal haldır. Stresi olmayan insan yoxdu. Təzyiq varsa, bu da olacaq. Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük".
Rəşad Sadıqov, Maksim Medvedev və Bədavi Hüseynovun səhvləri ilə bağlı danışan çalışdırıcı müdafiə xəttində oyunçu yox, oyunda dəyişiklik olacağını deyib: "Məğlub olanda bu cür fikirlər çoxalır. Bu klubun uğurlarında ən böyük pay sahiblərindən biri Rəşad Sadıqovdu. Digərlərinin səhvlərinin də onun kölgəsində qaldığını düşünmürəm".
Rəşad Sadıqovun start heytində olacağını deyiən Qurbanov azarkeşlərlə bağlı da danışıb. Fanatların yenə komandaya dstək olacağını düşünən baş məşqçi hələlik cəmi 13 min bilet satılmasına görə narahat deyil. O, həmçinin bilet satışının zəif olması tribunalarda bəzi polsilərin azarkeşlərlə düzgün rəftar etməməsi ilə bağlı olub-olmadığı ilə bağlı da suala cavab verib: "Azarkeşlər heç vaxt bizi tək qoymayıblar. Cəmi 13 min olacağını düşünmürəm. Hər yerdə azarkeşlərlə polis arasında problem olur. Diləyimiz odu ki, olmasın. Bilet satışının hələlik zəif olmasının bununla bağlı olduğunu düşünmürəm".
Fanat.Az