Bu axşam tarixin yaddaşına qovuşan "Qarabağ” – "Sumqayıt” (1:0) oyununun sonları yəqin, hələ çox müzakirə olunacaq.
Yusif Nəbiyevin 70-ci dəqiqədə qovulmasından sonra "kimyaçılar”ın döyüşməsi qonaqlar adına xoş reallıq olaraq yadda qaldısa, digər görüntülər ikili hisslərə meydan verdi.
Referi İnqilab Məmmədovun iki epizodda Rəşad Sadıqovun əli ilə təmas edən topu penalti kimi qiymətləndirməməsi gərginlik yaratdı. Hakimlər Komitəsinin postunu bu gün rəsmən itirən sabiq sədri Xaqani Məmmədov demişkən, topun əli tapması ilə əlin topu tapması arasında böyük fərq var. Amma bir futbolçunun iki dəfə diqqət mərkəzinə düşməsi də özlüyündə yaxşı hal deyil...
Final fitinə sayılı saniyələr qalmış yaşanan epizodda fit sahibi "nöqtəni” göstərsəydi, qonaq tərəfdarlar Rəşadın və referinin ünvanına təhqirlər yağdırmayacaqdı. Şübhəsiz, Məmmədovun bilərəkdən penaltini verməməsi söhbət mövzusu deyil. Ancaq ədalət təmsilçisinin araya çaxnaşma saldığına hamılıqla şahidlik etdik. Onun haqlı və ya haqsız olması başqa söhbətin mövzusudu. Hadisələrin inkişaf mərkəzində dayanması, matçın özündən, yekun nəticədən daha qabarıq görünməsi isə ana deyimə tərs-mütənasibdi: yaxşı hakim meydanda görünməyən hakimdi.
AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədrinin - qarşılaşmaya stadiondan baxan Frits Stuxlikin soyuq baxışları ilə beyninə yazdılarına necə reaksiya verəcəyi böyük maraq doğurur. Görəsən, "inqilabi dəyişiklik” fonunda ortaya çıxan Stuxlik inqilabi çıxışla gündəmə damğa vuracaqmı? Gözləyək...
Fanat.Az