FIFA referisi Ömər Paşayevin sağlıq durumu qaydasına düşməyib. Amma əsas irəliləyiş odur ki, onun uzun müddət çəkdiyi əziyyətin səbəbi tapılıb.
Səhhəti üzündən çempionat matçlarında az görünən, əsasən 4-cü hakim kimi təyinat alan Ömərin beynində problem olduğu deyilirdi. Lakin çoxsaylı müayinələr nəticəsində həkimlər dəqiq diaqnoz qoya bilmirdi. Nəhayət, Paşayevin beynində deyil, göz qapağının əzələsində narahatlıq olduğu müəyyənləşib.
İndi referi 4 ay müalicə almalı, ardınca Almaniyaya gedib yenidən müayinə olunmalıdı. Bu səbəbdən Paşayev karyerasına fasilə vermək istəyir. O, müalicə dövründən sonra məşq edərək formasını da bərpa etməlidi. Bu isə xeyli vaxt aparacaq.
Ömər Paşayev futbolinfo.az-a açıqlamasında AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikə rəsmi müraciət etdiyini bildirib: "Karyerama fasilə vermək istəyirəm. Artıq beynəlxalq oyunlara təyinat almışam - bir turnirdə, eyni zamanda gənclər arasında Çempionlar Liqası matçında baş hakim olmalıyam. Amma səhhətim mənə mane olur, gedib aşağı qiymət almaq istəmirəm. Bu səbəbdən yeni sədrə müraciət etmişəm. Qərarı o verəcək”.
Fanat.Az