14:09 28.09.2018 1442

Təmkin “Qarabağ”ın futbolçusundan üzr istəyib: "Kim olsaydı, vuracaqdım”

Turun mərkəzi qarşılaşması sayılan "Qarabağ” – "Qəbələ” oyunu təkcə meydan sahiblərinin əsas rəqiblərindən birini darmadağın etməsi ilə yadda qalmadı. Abdulla Zubirin dubl etməsi, Araz Abdullayevin cərimə zərbəsindən baxımlı qola imza atması, Con Delarjın çempionatda qol hesabını açması – bütün bunlar hər nə qədər maraqlı məqam kimi yadda qalsa da, son saniyələrdə meydanda yaşananlar gərginliyin kuliminasiya nöqtəsi idi. Təmkin Xəlilzadənin Hacıağa Hacılını təpiklə vurduğuna görə meydandan qovulması, Ürfan Abbasovun Yakub Jezniçaka əl-qol atması, yaşca özündən çox-çox böyük Ansi Aqollini itələməsi matça damğa vurdu.
 
Dünən İntizam Komitəsi yaşananlarla bağlı qərar çıxardı və məlum oldu ki, Təmkin etdiyi hərəkətə görə növbəti iki çempionat oyununda meydana çıxa bilməyəcək. Qərar açıqlanandan bir neçə dəqiqə sonra Xəlilzadə ilə əlaqə saxlayıb, həm "Qəbələ”nin düşdüyü vəziyyətə, həm də özünün əməlinə aydınlıq gətirməsini xahiş etdik.
 
- Əsas rəqibə 1:4 hesabı ilə uduzmaq, bu azmış kimi, qırmızı vərəqə alıb meydanı final fitindən əvvəl tərk etmək. Əhvalının yerində olmadığını müəyyən etmək çətin deyil.
- Əlbəttə, çox üzgünəm. Bir şey də var ki, olacağa çarə yoxdu. Zamanı geri qaytarmaq olmur. Ona görə də irəli boylanmalıyıq. Başqa çıxış yolumuz yoxdu. 
 
- "Qəbələ”nin üzləşdiyi durum nədi belə? 5 oyundan sonra cəmi 4 xal. Adamın inanmağı gəlmir...
- Bu sualı tez-tez mənə verirlər. Konkret nəsə demək çətindi. "Qarabağ”la oyunu çıxıram, razıyam, istədiyimiz kimi oynaya bilmədik. Amma əvvəlki görüşlərdə çox yaxşı futbol nümayiş etdirirdik, çox sayda qol imkanları yaradıb reallaşdıra bilmirdik. "Neftçi” və "Sumqayıt”la matçları yada salmaq kifayətdi. Udmalı olduğumuz oyunlar idi, heç nədən 5 xal itirmişdik. 
 
- "Qarabağ”la görüşdə nə baş verdi? Məntiqlə, iki gün əvvəl Lissabondan ağır oyundan qayıdan rəqibiniz əziyyət çəkməliydi. Amma əksi yaşandı.
- Özünüz də gördüz ki, matça pis başlamadıq. Yəni rəqibdən heç də geri qalmırdıq. Amma 30-cu dəqiqədə heç nədən buraxdığımız qoldan sonra nisbətən ruh düşkünlüyü yarandı. Fasilədə özümüzə gəlib oyunun axarını dəyişmək haqda düşünürdük ki, ilk hissənin son saniyələrində rəqib bu dəfə cərimə zərbəsindən sonra fərqləndi. Etiraf edirəm, 0:2-dən sonra vəziyyəti dəyişməyin çətin olduğunu bilirdik. Amma yenə də nəsə etməyə çalışırdıq. Növbəti iki qolu da əks-hücumlardan sonra buraxdıq. Qısası, ilk yarıda buraxılan toplardan sonra toparlana bilmədik. 
 
- Lider "Neftçi”dən 9 xal geri qalırsız. Düzdü, hələ nəsə demək tezdi. Amma hadisələrin axarı çempionluq yarışından erkən qopacağınızı göstərir.
- İndiyə kimi bir dəfə də çempionluq sözünü dilimə gətirməmişəm. Qarşımıza "konkret çempion olmalısız” tələbi də qoyulmayıb. Sadəcə, özümüz bir idmançı kimi hər oyuna qalib gəlmək üçün çıxırıq. İstək varsa, yaxşı oynayırsansa, nəticə də gəlir. Sadəcə, mövsümün əvvəlidi, ya nədisə, hələ ki alınmır. Digər tərəfdən, ruhdan düşməyə ehtiyac duymuram. Dediyiniz kimi, arada 9 xal fərq var. Qarşıda bizi 23 oyun gözləyir. Ötən mövsümü unutmayaq. 5 turdan sonra "Neftçi”ylə "Keşlə”nin hansı durumda olduğu, yəqin ki, yadınızdadı. Hətta qış fasiləsinə yollananda da vəziyyətləri yaxşı deyildi. Amma yanvardan sonra toparlandılar, rəqiblərə başağrı yaratdılar. "Keşlə” kuboku qazandı, "Neftçi” mövsümü "bürünc”lə başa vurdu. Ona görə də indidən nəsə demək çətindi. 
 
- Narahat deyilsiz?
- Narahatlıq istər-istəməz var. 5 oyunda 4 xal toplamışıqsa, rahat ola bilmərik. Demək istəyirəm ki, hər şey öz əlimizdədi. 
 
- Çoxları uğursuzluğun səbəbkarı kimi Sənan Qurbanovu göstərir. Şərait var, maaşlarınız verilir, heyətdəki futbolçuların adı da çempionatımız üçün kifayət qədər normaldı. Buna görə də baş məşqçinin bacarıqsız olduğunu iddia edirlər.
- "Qəbələ”nin bu durumda olmasının baş məşqçi ilə heç bir əlaqəsi yoxdu. Sənan Qurbanov günahı özündə görə bilər. Baş məşqçidi, elə deməlidi. Amma onluq heç nə yoxdu. Məşqlərini keçir, tapşırıqlarını verir. Meydanda qələbə qazanmalı olan bizlərik. Komanda qol vura bilmirsə, baş məşqçinin günahı yoxdu. Görəcəksiz, Sənan Qurbanov bu komandanı lazım olan yerlərə çıxaracaq. 
 
- İntizam Komitəsinin qərarından xəbərdarsan?
- Siz zəng etməmişdən bir neçə dəqiqə əvvəl oxudum. 
 
- Yəqin ki, 3-4 yox, 2 oyunluq cəzalandığını biləndə sevindin.
- Sevinməyinə sevindim. Bilirdim ki, azı 2 oyunluq cəza veriləcək. Açığı, maksimum 3 oyun gözləyirdim. Şükürlər olsun ki, insaflı davrandılar.
 
- Bəs sən niyə Hacıağaya qarşı insaflı davranmadın?
- Hacı (Hacıağa Hacılını nəzərdə tutur – H.) oyunboyu ayağıma çox zərbə vurdu. İkinci yarıda bizim texniki zonanın qarşısında iki nəfərdən sıyrıldım, Hacını da keçirdim, diziylə baldırıma vurdu. İnanırsız, hələ də həmin yerdə ağrılar var. Tez-tez vururdu deyə, ona qarşı çox əsəbi idim. Belə deyim, əlindən yığmışdım, həmin epizodda "partladım”. 
 
- Səmimi de, o an Hacıağanın yerində təcrübəli futbolçulardan biri, məsələn, Rəşad Sadıqov, Maksim Medvedev, yaxud Ruslan Abışov olsaydı, eyni addımı atardın?
- Hacının yerində kim olsaydı, yəni oyun ərzində məni 4-5 dəfə vursaydı, adına baxmayacaqdım, vuracaqdım. O mənim balaca qardaşımdı, ötən mövsüm "Qəbələ”də bir yerdə oynamışıq. Yəni burda adlıq bir şey yoxdu. 
 
- Həmin an yığmanın baş məşqçisi Qurban Qurbanovun gözünün qarşısında olduğunu düşünmədin?
- İnanırsız, o an heç nə yada düşmür. Düzdü, deyirlər ki, peşəkarsan, səbirli olmalısan. Bunu başa düşürəm. Amma biz də insanıq. Dözürsən, dözürsən, bəzən özünü ələ ala bilmirsən, gözünə heç nə görünmür. Kənardan baxmaq, qiymət vermək asandı. Ancaq o an bizi heç kim başa düşmür. Yaşadığımız stress, əsəb, yorğunluq... Bunu deməklə özümə bəraət qazandırmıram. Sadəcə, bilərəkdən etmədiyimi, əsəbdən özümdən çıxdığımı demək istəyirəm. Səhv etdiyimin fərqindəyəm. Qəzetiniz vasitəsi ilə jurnalistlərə, azarkeşlərə, futbolsevərlərə söz verirəm ki, bu hal bir də təkrarlanmayacaq.
 
- Çempionatın növbəti iki oyununu kənardan izləyəcəksən, üstəgəl, etdiyin hərəkət. Necə düşünürsən, Qurban Qurbanov səni yığmanın oktyabrdakı toplanışına dəvət edəcək?
- Əlimi millidən üzməmişəm və hər zaman dəvət gözləmişəm. Bu gün də gözləyirəm. Razıyam, Qurban müəllim nizam-intizam tərəfdarıdı, bunu hamı bilir. Ümid edirəm ki, baş məşqçi məni başa düşəcək. Özü də futbolçu olub, həmin anları yaşayıb. Bir səhvdi oldu. Həm də yığmayla klub fərqli anlayışlardı. Klubda 2 oyunu buraxıb növbəti 21 görüşdə komandaya kömək edə bilirsənsə, millidə cəmi 4 matçımız qalıb. Uğur qazanmaq üçün hamımız meydanda can qoymalıyıq.
 
- "Qəbələ”nin meneceri Zaur Əzizov  açıqlamasında "Təmkin artıq ikinci dəfədi meydandan qovulur. Bununla bağlı ölçü götürüləcək. Əmin olun ki, yol verdiyi xəta cəzasız qalmayacaq” deyib. Bu haqda sənə də deyilib?
- Açığı, mənə heç nə deyilməyib. Cəza gözləyirəm, normaldı. Ola bilsin, bir müddət əsas komandanın məşqlərinə buraxılmaram, yaxud pul cəriməsi kəsilər. Çox güman, pul cəriməsi olacaq. Qeyri-adi heç nə yoxdu, hər yerdə belədi. 
 
- Oyundan sonra Hacıağa ilə görüşüb danışdın?
- Görüşməyinə görüşmədim. Amma telefon danışığımız oldu və böyük qardaş kimi üzrxahlıq elədim. Özü də futbolçudu, başa düşür ki, futbolda belə hallar olur. 

Mənbə: "Futbol+"
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X