Xeyli vaxt keçib üstündən. 10 il... Hələ onda dünya futbolunu uzun illər lərzəyə salacaq "Barselona” köhnə-yeni fəlsəfəsini tam ortaya qoymamış, "Fənərbaxça” sonuncu dəfə qrupda oynamış, həmin ÇL-i "Mançester Yunayted”, bir il sonra tarixə qovuşacaq UEFA Kubokunu isə "Zenit” götürmüşdü. Azərbaycanda milliyə Qyoko Hacievski başçılıq edirdi, Premyer-Liqasında 14 komanda vardı, Qurban Qurbanov "Qarabağ”a heç iki ay deyildi gəlmişdi, ölkədə əməlli-başlı futbol bumu yaşanırdı. Və bu yekəlikdə futbol hərarətinin içində hələ də Azərbaycanda azərbaycandilli müstəqil idman (futbol) saytı yox idi. Kimsə bu "sükut”u pozmalı idi. Sükutla yola getməyənlər isə fanatlardı. İlk addımın "Fanat.az”dan gəlməsində də bir simvolika vardı, yəqin.
*
Mən də orda idim. İşin təməlində. İlk əməkdaşı idim bu saytın. Bu günə kimi də qürur duyuram bununla.
*
"Fanat.az" bir çox daşlaşmış steretioplərə meydan oxuyub darmadağın etdi, yeni nəsil idman jurnalistikasının təməlini qoydu. Məhz "Fanat"dan sonra başlayan "bum"un nəticəsi hazırda sayı 50-yə çatan futbol saytı toplumu, tribunasıdı. Yeni mübarizə platformasını cəmi 3-4 il ərzində dolduran bu jurnalist ordusu hələ də "döyüş"ünü davam etdirir. İndi biz bu durumu, bu kəmiyyət izafisini normal qəbul edirik. 10 il əvvəl isə o həqiqət tribunasında cəmi 1 "Fanat" vardı. Tək, amma enerji dolu, istənilən döyüşə baş vurmağa, ideya və hədəf üçün sona qədər susmamağa hazır fanat.
*
Bir sayt üçün bu qədər yuxarıdan deyilən sözlər sizə qəribə gələ bilər. Amma həqiqət məhz belədi. O vaxt bizim üçün ideya hər şeydən üstün idi. Mənəvi dəyərlər ilk, pul, ya da istənilən digər maddi mənfəət isə ikinci, beşinci, onuncu planda idi. "Alma", "Komanda" və "Fanat"... İdeya qalib gəlirdi. Bizim özümüzə də, qarşımızdakılara da.
*
Son illər sakitləşsə də, "Fanat” hələ də tribunadadı. Heç ordan getməmişdi də. Tribuna var olduqca o da orda olacaq.
"Fanat” hələ də tribunadadı. Hər gün gəlib öz yerini tutur, postunu boş saxlamır. İndi sadəcə tamaşaçıdı, səs-küy salmır, fakel yandırmır, şüar səsləndirmir, rəqiblərini qorxuya salmır.
"Fanat” hələ sadəcə tamaşaçıdı. Ancaq hər pis günün bir sonu var. "Oyun” bitib oyun başlayanda "Fanat” da səsini çıxaracaq. Buna heç bir şübhəm yoxdu.
Hörmətlə, Kənan "Fanat” Məstəliyev