"Roberto Bordini və rəqib komandanı təbrik edirəm. Oyundan sonra sıxlıq olduğu üçün yaxınlaşa bilmədim”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Toaz Premyer Liqasının IX turunda səfərdə "Neftçi”yə uduzduqları oyundan (1:3) sonra deyib.
Qurbanov məğlubiyyətə görə, futbolçularla ayrı-ayrılıqda danışacağını bildirib: "Bu, idmandı. Futbolçular həmişə gərgin qrafikdədilər. Amma belə oyunlara, məğlubiyyətlərə hazır olmalıyıq. Danışılası bir şey yoxdu. Oyun və nəticə barədə hər bir futbolçu ilə ayrılıqda danışacağam. Futbolçuların yanında olmalıyam. Belə vəziyyətlər çox olub. Biz istəkli komandayıq. Sadəcə, səhvər olur. Bunları aradan qaldırmalıyıq. Daha möhkəm kollektiv olaraq qarşıdakı oyuna hazırlaşmalıyıq. İradlar olacaq, bunu başa düşürəm. Biz hər oyuna qələbə istəyi ilə çıxırıq".
Baş məşqçi "Nə vaxta qədər futbolçuların yanında olacaqsınız, məsuliyyəti öz üzərinizə götürəcəksiniz: Bunun limiti varmı?" sualına belə cavab verib: "Limit yoxdu. Mən futbolçulardan, onlar da məndən dəstək görməlidi. Səhvlərimizi kollektiv içində araşdırmalıyıq. Çatışmayan cəhətləri daha yaxşı bilirəm".
Qurbanov komandasına güvəndiyini deyib: "Futbolçularımın hər birinə güvənirəm. Bu heyətlə gözəl qələbələrimiz olub. Həm çempionatda, həm avrokuboklarda. Çempionatda inanmıram elə ciddi problemimiz olsun. Sadəcə, dəyişikliklər olur, hər oyun istədiyimiz kimi çıxış edə bilmirik. Düşünürəm ki, qarşıdakı oyunlar daha yaxşı olacaq".
O, azarkeşlər Mirabdulla Abbasovu yığmada görmək istəyi ilə bağlı da danışıb: "Bütün oyunçular nəzarətdədi. Bütün bacarıqlı futbolçu yığmada ola bilər. Bizim hər toplanışımızda yeni oyunçu olur. Mənim siyahımda olan futbolçular arasında Mirabdulla da var. Onların hamısı milliyə çağırıla bilər".
Fanat.Az