"Qarabağ”ın
island qapıçısı Hannes Halldorssonun əlcəyi FİFA-nın muzeyinə göndərilib.
Fanat.Az-ın məlumatına görə, bu barədə İslandiyanın
"visir.is” saytı xəbər yayıb.
İddiaya görə, DÇ-2018-in qrup mərhələsinin
Argentina ilə oyununda Lionel Messinin penaltisini dəf edən 34 yaşlı qolkiperin
həmin matçda geyindiyi əlcək bundan sonra ali futbol qurumunun muzeyində
saxlanılacaq.
Mətbu orqan yazır ki, İslandiya hakimiyyəti o hadisədən sonra
milli qəhrəman səviyyəsinə yüksələn Halldorssonun şərəfinə heykəl ucaltmağı
planlaşdırır. Hətta ölkədə həmin gün anadan olan oğlan uşaqlarının demək olar
ki, hamısına Hannes adı qoyulub:
"Halldorssonun həmin oyunda dünyanın ən yaxşı futbolçusunun
penaltisini dəf etməsi İslandiya idmanının tarixinə önəmli hadisələrdən biri
kimi düşüb. Bu, FİFA tərəfindən yüksək qiymətləndirilib və qurum ölkə futboluna
dəstək məqsədilə qolkiperin sözügedən matçda əlinə geyindiyi əlcəyi öz
muzeyində saxlamağa qərar verib”.
Qeyd edək ki, Argentina ilə matçın 64-cü dəqiqəsində Messinin
penaltisini qaytaran Halldorsson komandasının xal qazanmasında böyük rol
oynamışdı.
Fanat.Az