Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov feysbuk səhifəsində bu gün dünyasını dəyişən Adil Nadirovla bağlı xatirələrini bölüşüb:
Son açıqlamasını Futbol+ qəzetinə verdi...
Çoxlarının, orta, gənc nəslin yaddaşında Adil müəllim funksioner, klub
prezidenti, son illər çempionat oyunlarında AFFA nümayəndəsi kimi qalıb.
Adil Nadirov çox yaxşı futbolçu olub. Doğma Ağdamla yanaşı SSRİ çempionatının
ikinci dəstəsində "Avtomobilçi" Mingəçevirin də şərəfini qoruyub...
Futbolçu karyerasını bitirdikdən sonra bütün ömrünü "Qarabağ"a həsr etdi. Çoxları indiki "Qarabağ"ı görür. "Qarabağ"ın yaşamasının əsas səbəbkarlarından biri, birincisidir Adil müəllim. "Qarabağ"ın bəxti onda gətirdi ki, Ağdamın Adil Nadirovu var idi...
Qarabağda müharibənin qızğın vaxtları idi. Ağdamda qeyrətli oğullar hər qarış torpaq uğrunda döyüşə-döyüşə "Qarabağ"ı da yaşadırdılar. "İmarət"də tribunalar dolu olurdu...
SSRİ dağılmamışdı hələ, son çempionat oyunları keçirilirdi. İkinci dəstədə çıxış edən klublarımızın qarşılaşmalarını özümüz, yerli hakimlər biriqadası idarə edirdi...
1991-ci ildi, Ağdamdayıq. Səhər tezdən Adil müəllim öz maşını ilə gəldi. Həmişə olduğu kimi gülər üzlə "durun gedək zavtraka"... Təşəkkür etdik. Cavabında, xoş təbəssümlə "nə təşəkkür, Ağdamda qaymaq, balsız səhər yeməyi olmur"...
Şəhərdə məşhur böyük "Armudu" çay evi vardı.
Qalxdıq yuxarı mərtəbəyə, Ağdamı seyr edə-edə futboldan çox Qarabağda olan
vəziyyətdən, müharibədən danışdıq. "Zavtrak" bir bəhanə idi...
90-cı
illərdə qaçqın-köçkün "Qarabağ" harda, Adil müəllim də orada idi.
Daha doğrusu, Adil müəllim harada, "Qarabağ" da orada...
Mingəçevir, Sumqayıt, Bakı...
Bəxtsiz Qarabağın bəxti də olarmış... "Qarabağ"da kluba dəyər verən yerli futbolçular pleyadası yetişmişdi. Ac-susuz "Qarabağ"ı yaşadırdılar, özlərini başqa komandada təsəvvür etmirdilər. Ətraf şəhər və rayonlardan olan futbolçular da özlərini "Qarabağ"ın bir parçası sayırdılar...
Adil müəllim öz dostları ilə "Qarabağ"ı yaşatmaq üçün qapı-qapı gəzir, gah İcra Hakimiyyəti, bəxt gətirəndə də ara-sıra müvəqqəti sposorlar tapılırdı. Sponsor adı uca səslənir, söhbət indiki şəraitdən, sponsorlardan getmir. Ayaqda qalmaq, dövrə uyğun minimum şəraitin yaradılması idi...
Sumqayıtın "İnşaatçılar" stadionunda çempionat oyunlarından biri...Matçın başlamasına dəqiqələr qalıb. Adil müəllim əlində iki "getrı" (futbolçu corabı) ilə yanımıza gəldi. Corabların biri qara, digəri tünd göy idi. Çox pərişan halda, "getrı çatışmır, İcazə verin bunları geyinək". Adil müəllimin üzündəki üzüntü, kədər, qəm-qüssə indi də gözümün qarşısındadı...
"Qarabağ" belə yaşadı, bu günlərə gəldi...
Quzanlıda "Neftçi" ilə qarşılaşmalarda hər dəfə görüşürdük, çətin illəri ayaqüstü də olsa yada salırdıq. Quzanldakı oyunlarda üzü həmişə olduğu kimi gülürdü...
Son vaxtlar komissar gedirdi oyunlara. Ara-sıra "Neftçi"nin də görüşlərinə təyinat alırdı. Artıq xəstəliyindən şikayət edirdi. "Bir Ağdamı, "İmarət"i görsəydim", deyirdi...
Qismət olmadı. Təki "Qarabağ"ın ÇL-i, Avroliqası olmayaydı, Ağdamı, "İmarət"i olaydı...
Bilirəm, bilirəm ki, Ağdamsız, "İmarət"siz rahat getmədin, Adil müəllim. Rahat ol, "Qarabağ"ın Avropa meydanlarında yol qət etməsi, səsinin ucalması
Sizlərin əməyinizdi, Adil müəllim.
O illər olmasaydı, bu günlər olmazdı!
ALLAH RƏHMƏT ELƏSİN.