"Neftçi”nin qarşısında çox çətin tapşırıq durur: Premyer Liqanın qalan bölümündə "Qarabağ”ı qabaqlamaq və çempionluq həsrətinə son qoymaq. Bakı təmsilçisinin bu işin öhdəsindən nə dərəcədə gələcəyini mövsümün sonunda görəcəyik.
Əlbəttə, sabah baş tutacaq "Qarabağ” – "Neftçi” qarşılaşmasının yekun nəticəsi bakılıların qarşısına qoyduğu hədəflə bağlı daha dolğun fikirlər səsləndirməyə imkan verəcək. Ümidlər doğrultmayan əcnəbi hücumçudan - Kvame Karikaridən birtəhər canını qurtaran paytaxt klubunun "qol ayağı”na ehtiyac duyması başadüşüləndi.
Baş məşqçi Roberto Bordin neftin pullarının dərdini çəkmir. İtalyan çalışdırıcının məqsədi "ağ-qaralar”a qızıl medalları qazandırmaq və bütün digər gəlmələr kimi, Azərbaycandan mümkün qədər çox pul aparmaqdı.
Baqali Dabo zədələnə və ya hansısa önəmli matçı cəza üzündən buraxa bilər. Mütəxəssis belə sürprizləri indidən sığortalamaqda qərarlıdı. Yəni "Neftçi” niyə hücumçu alır” sualı yersizdi. Əlavə forvard lazımdı. Amma hansı səviyyədə?
İtaliyanın C seriyasından - "Novara”dan gələn 31 yaşlı Canluka Sansone hədəflərə uyğun forvarddımı? Karyerasını vərəqləsək, hər hansı "partlayış”ın şahidi olmarıq. Bununla belə, "Novara”ya təşrif buyurana qədər 10-dan çox klub dəyişmiş Sansonenin heç vaxt yaxşı hücumçu olmadığını söyləmək də absurddu. B seriyasındakı müdafiə xəttinə qarşı nələr etmək lazım gəldiyini bilirsə, Azərbaycan çempionatında top qovan arxa xətt oyunçularını asanlıqla zərərsizləşdirər.
İlk dəfə İtaliyadan kənara çıxan ön xətt oyunçusunun necə uyğunlaşacağı isə əsas məqamdı. Roberto Bordinin şəxsi əlaqələri hesabına tapdığı Sansonenin bu gün hansı durumda olması da əsas şərtdi. C seriyasındakı "Novara”nın son dayanacaq seçilməsi bir qədər üzücü reallıqdı. Sadə məntiqlə, 32 yaş futbolçu üçün hələ erkən "qocalıq”dı. Oynadığı komandada yaxşı pul alsaydı, klubunun qarşısında ciddi məqsədlər dursaydı, Azərbaycan variantına gözünün ucuyla da baxmazdı. Onu bura yaxşı maaş, mümkün çempionluq mükafatı və "qocalıq” gətirib. "Ağ-qaralar"la 2 illik müqavilə bağlayacaq və "Neftçi"də hamıdan çox məvacib alacaq.
Təki oyunuyla aldığının əvəzini verə bilsin...
Fanat.Az