"Maraqlı oyun keçdi. "Qəbələ"nin bizə qarşı aqressiv oynayacağını gözləyirdik".
Fanat.Az "Sabah" klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqanın 22-ci turunun "Qəbələ" ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Qolsuz heç-heçəni şərh edən mütəxəssis nəticənin qənaətbəxş olduğunu bildirib: "Rəqib ikinci hissədə daha yaxşı oynadı. Uşaqlara meydanda daha hərəkətli olmağı tapşırmışdım ki, onlar da bunun öhdəsindən gəldilər. Oyun epizodlarında bəzi boşluqlarımız var idi. Məncə, Qəbələdən bir xalla qayıtmaq bizim üçün yaxşı nəticədir".
"Coşqun Diniyevin epizodu barədə videotəkrara baxdıqdan sonra fikir bildirə bilərəm. Rauf Cabbarov təcrübəli hakimdi, ona hörmətlə yanaşıram. Ancaq həmin epizodda Kərim Diniyev topu kənara vuranda, bunu 2-ci top kimi etdi. Kənardan elə göründü. Epizodun təkrarına baxdıqdan sonra dəqiq fikir söyləmək olar. 2-3 epizodda "Qəbələ"nin futbolçuları da topu kənara vurdular. Nə deyim? Bu, AFFA Hakimlər Komitəsinin işidi. Onlar baxıb qərar verməlidilər" deyə Elşad Əhmədov əlavə edib.
Fanat.Az