Azərbaycanı avrokuboklarda uğurla təmsil edən "Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Fanat.az xəbər verir ki, Ağdam təmsilçisi Cənubi Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, püşkatmada "Slaviya” (Çexiya), "Yanq Boyz” (İsveçrə) və "Maribor” (Sloveniya) – "Rusenborq” (Norveç) cütünün qalibi ilə birgə səpələnməmişlər səbətində yer alacaq.
"Qarabağ” Çempionlar yolunda səpələnmişlər səbətinə qərarlaşan 8 komandadan biri ilə qarşılaşacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ÇFR (Kluj, Rumıniya) – "Seltik” (Şotlandiya), PAOK (Yunanıstan) - "Ayaks” (Hollandiya), ”Dinamo” (Zaqreb, Xorvatiya) – "Ferensvaroş” (Macarstan) və "Srvena Zvezda” (Serbiya) – "Kopenhagen” (Danimarka) cütlərinin qalibi ilə düşə bilər.
"Qarabağ” daha öncə ÇL-də "Seltik” və "Kopenhagen”lə qarşılaşıb. Ağdam təmsilçisi 2015/2016 mövsümdə Şotlandiya təmsilçisini keçə bilməyib (0:0, 0:1). Əvəzində 2017/2018 mövsümündə danimarkalıları mübarizədən kənarlaşdıraraq (1:0, 1:2) tarixində ilk dəfə ÇL-in qrupuna düşüb.
Xatırladaq ki, pley-off mərhələsinin püşkü avqustun 5-də atılacaq.
Fanat.az