"Gözəl oyuna tamaşa etdik. Bir qol vurmağımız oyunun açılmasına səbəb oldu. Rəqib də əks-hücumda özünü göstərmək istədi".
Fanat.Az xəbər verir ki, bunu ”Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl deyib.
Çempionar Liqasının II təsnifat mərhələsində "Qarabağ” ötən gün İrlandiyanın "Dundalk” klubu ilə cavab oyununda 3:0 qalib gəlib. Tahir Gözəl növbəti rəqib olan Cənubi Kipr çempionu APOEL ilə oyun haqda öz fikirlərini bildirib: "Rəqibimiz güclü klubdu, büdcəsi də bizdən yüksəkdi. APOEL hörmətə layiq rəqibdi, amma "Qarabağ"ın gücünü bu gün də gördünüz. Yeni futbolçuları mənə ləzzət edir. Hesab edirəm ki, Qurban Qurbanov düzgün siyasətlə komandanı idarə edir. Komandamız doğru yoldadı. Hesab edirəm ki, hazırkı "Qarabağ" tarixdə olanlar arasında ən güclüsüdü. Əminəm ki, xeyliniz mənimlə razılaşarsınız. Buna görə də addımlarımızı əmin şəkildə ataraq yolumuza davam edirik. Əlbəttə, kim nə deyə bilər ki, axır nəticə necə olacaq. Amma hesab edirəm ki, APOEL qarşısında çox güclü "Qarabağ" görəcəyik".
"Dundalk"la oyunda tribunada azarkeşlərlə bağlı xoşagəlməz hadisə baş verdi. Tahir bəy bu hadisə ilə bağlı da danışıb: "Mən də gördüm. Xoşagəlməz bir şey oldu. Ürəkdən narahat oldum. Amma məsələnin nə olduğunu hələ də bilmirəm. Klub olaraq, hüquq-mühafizə orqanları ilə danışacaq, məsələni öyrənəcəyik ki, gələcəkdə belə hallar təkrarlanmasın. Bir-iki gənc azarkeşimiz meydana girdi. Bu hərəkət əslində bizim üçün zərərlidi. Çünki klubumuz buna görə cərimə ödəməli olacaq. Bu məsələyə da baxacağıq".
Fanat.Az