Daha bir klubumuz - "Qəbələ" sponsorsuz, sahibsiz qalacaq. Heydərovlar ailəsinin klubdan imtina etdiyi heç kəsdə şübhə doğurmur. Futbol tanrısının ölüm mələyinin klubun sinəsinə çökdüyü hiss olunur. O da sezilir ki, "qırmızı-qaralar”ın AFFA-nın, dolayısı ilə Elxan Məmmədovun ağuşuna itələnmə prosessi media üzərindən başlayıb.
İndiki dönəmdə boz sarayın "vəzir”inin açıq-aşkar "Qəbələ"yə sahiblənmək strategiyası futbol ictimaiyyətini daha da qıcıqlandıracaq, od üzərinə neft tökmək effekti verəcək. Bu səbəbdən də media səhifələrində ictimai müzakirəyə çıxarılma planı anlaşılandı. Başqa variantın olmaması fikirinin ictimaiyyətə sırınması baş katibin dəyirmanına su tökməkdən başqa bir şey deyil. "Neftçi", "Sumqayıt", "Keşlə", "Səbail" kimi "Qəbələ"nin də Məmmədovun kurasiyasına keçməsi çempionatdakı komandaların 50 faizindən çoxunun ələ keçirilməsi deməkdi. Uğursuz kadrlarla, dostla,qohumla, tanışla Azərbaycan çempionatına kök salmaq əslində futbolumuza böyük təhdiddir. Təsəvvür edin, Elxan Məmmədov istefaya göndərilsə, nə baş verər? Beş klub "sökülüb" yenidən qurulmalıdı. Bir müddət xaos, daha nələr, nələr... Bir də belə təsəvvür edin. Əlində beş klub olan baş katibə İcraiyyə Komitəsi nə edə bilər ki? Bir çırtması ilə çempionat baykot olar və ya düyünü çözülə bilməyəcək dalana girər.
Yaxşı, bəs çıxış yolu nədir?
Yenə AFFA! Azərbaycan futbolunun inkişafına cavabdeh qurum kimi hərəkətə keçməlidir. Şəxsi maraqlar kənara qoyulub, məsələnin ölkə rəhbərliyi səviyyəsində müzakirəsinə nail olunmalıdı. Deyə bilərsiz ki, Premyer Liqada komanda sayını sponsor tapılmaması səbəbindən artıra bilmirlər, indi hardan tapacaqlar?
Tam fərqli durumdu. Bir var sponsor tapıb sıfırdan klub yaratmaq, bir də var hazır mexanizmə sahib çıxmaq. "Qəbələ" futbolçu "istehsal" edən akademiyası, hazır bazası olan konveyrdi. Bu klub dağılsa, yeniden belə sistemi yaratmaq üçün illər sərf olunacaq.Heyifdir, Məmmədov! Futbolumuz naminə "Qəbələ"nin xilas olması üçün şəxsi maraqları kənara qoyub, hərəkətə keçin. Bu addım indiki durumda imicinizixeyli düzəldər. Təbii, sonda ora da dost-tanış deyil, futbolu bilən, potensialı olan insanlar təyinat alacaqsa.
O ki, qaldı Heydərovların klubu yarıyolda qoymasına...
Ölkədə baş verən siyasi prosseslər, kadr islahatları bir çoxlarının kürkünə birə salıb. Vəzifənin, kürsünün daimi olmadığını xatırlatmağa belə ehtiyac yoxdu. Vaxtı ilə Azərbaycandan milyonlar, milyardlar qazanan şəxslər vəzifədən getmək təhlükəsi yarananda xalqa, dövlətə niyə düşmən kimi baxırlar? Bu dövlət sizə azmı şərait yaratdı? "Qəbələ" kimi klubu Heydərovlar nəinki çempionatın sonuna qədər, hətta beş il saxlasalar belə, dəryalarından damcı əskilməyəcək. Akademiyanın yataqxanasını satışa qoymaq nə deməkdir?Bu qədərmi ölkəyə nifrət edirsiz?Bəs yaratdıqlarınız xalq üçün deyildi?
Hakimiyyətdaxili çəkişmə, klan davası, falan, filan... Sonda vəzifədən də gedə bilərsiz. İnsanların ürəyində sevgi, sayğı, hörmət qoyun, gedin. Mövsümün yarısında maliyyəni dayandırmaq, komandaya pul verməmək nə deməkdir? Kiməsə əzələ göstərib mesaj verirsiz, amma əllərinizlə əkib, becərib, böyütdüyünüz bir ağacı kökündən kəsirsiz. Kimə görə?
Əli Sahib
Fanat.Az