"Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində 2020-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik və UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras iştirak edib.
Yunanıstanlı Vassaras buna qədərsə azərbaycanlı hakimlərə mühazirə oxuyub və monitorda bəzi oyun epizodlarının müzakirəsi aparılıb. Onun da iştirakıyla əcnəbi həkim Taro Netzer hakimlərdən laktat testi götürüb. Bununla da hakimlərimizin qış təlim-məşq toplanışı başa çatıb.
Ştuxlikin AFFA tərəfindən hakimlərə başçı təyin edilməsindən sonra ədalət təmsilçiləri üçün xaricdə keçirilən təlim-məşq toplanışları ləğv olunub. Toplanışın puluna qənaət edən AFFA avstriyalı sədrə ayda 15-17 min avro məvacib verməyə vəsait əsirgəmir.
Kiros Vassarasın Bakıya qısamüddətli səfərləri də israfçılıqla müşayət olunur. Əldə etdiyimiz məlumata görə yunanıstanlının Azərbaycana hər səfərinin qarşılığında ona 5000 avro civarında qonorar ödənir. Bu səfərlər də Ştuxlikin təşəbbüsü ilə təşkil olunur. Çünki Vassaras onun AFFA-ya işbirliyində vasitəçi rolunda çıxış edib.
Mövzunu davam etdirməyə, AFFA-nın mövqeyini öyrənməyə çalışacağıq.
Mənbə: Sport7.az