AFFA-nın yeni yaradılmasına qərar verdiyi U-23 yığması ciddi heyət problemi ilə üzləşəcək. Premyer Liqada bu komanda üçün yetərincə sayda futbolçu yoxdur.
Hazırda AVRO-2021-in seçmə mərhələsində mübarizə aparan U-21-in heyətində 1998-ci il yanvarın 1-dən sonra anadan olanlar çıxış edə bilər. Bu isə o deməkdir ki, U-23 dedikdə 1996-1997-ci il təvəllüdlülər göz önünə gəlir.
Düzdür, əslində 1996-cı il təvəllüdlülər də 23 yaşı arxada qoyanlardır. Lakin UEFA əsasnaməsinə görə U-21-də 1998-ci il təvəllüdlülər çıxış edə bilirsə, deməli U-23-də iki yaş böyüklər oynamalıdır.
Təbii ki, söhbət 2020-ci ildən gedir. Bu il ərzində U-23-də 1996-97-ci il təvəllüdlülər, həmçinin daha kiçiklər oynaya bilər. Amma yeni yaradılan və heç bir rəsmi yarışda oynamayacaq, çoxlarının mənasız-məntiqsiz saydığı bu yığmanın digər millilərin – U-21, U-19 və U-17-nin heyətindən futbolçu cəlb etməsi onları zəiflətmək olardı.
Premyer Liqada oynayan 8 klubun iştirak ərizələrində isə vur-tut 17 futbolçu 1996-97-ci il təvəllüdlüdür. Onların arasında artıq əsas millinin üzvləri olan Mahir Emreli və Bəhlul Mustafazadə də var.
Belə çıxır ki, AFFA-nın təmtəraqla "sırıdığı” bu yeni U-23 yığması Premyer Liqanın 15 futbolçusunun ümidinə qalacaq. Bu sayda oyunçudan komanda olmaz. Hələ üstəlik onlardan bəzilərinin oyun praktikası da sıfıra yaxındır.
Yeni yığmanın formalaşması üçün iki təbii variant var. Birincisi, aşağı dəstə olan I diviziona və orda çıxış edən əvəzedicilərin heyətlərindən futbolçu seçməkdir. İkincisi, digər yığmalarımızı zəiflətməklə heyət qurmaq.
Amma U-23-ü qurmaq üçün süni sayılan 3-cü yol da var. Bu, AFFA-nın son vaxtlar daha çox meyl etdiyi variantdır. Söhbət Rusiya, Türkiyə, Almaniya və digər ölkələrdə yaşayan azərbaycanlıları, ya da başqa millət nümayəndələrinin vətəndaşlığını dəyişdirərək U-23-ə toplamaqdan gedir. Nə çoxdur öz ölkəsinin yığmasına lazım olmayan futbolçular...
Premyer Liqada oynayıb, U-23-ə uyğun gələnlər
Qapıçılar: Aydın Bayramov ("Sumqayıt”),
Abdulla Seyidəhmədov ("Zirə”);
Müdafiəçilər: Yusif Nəbiyev ("Qəbələ”), Sərtan Taşkın ("Sumqayıt”), Bəhlul Mustafazadə ("Sabah”), Cabir Əmirli ("Keşlə”);
Yarımmüdafiəçilər: Aqşin Qurbanlı, Fəhmin Muredbəyli, Elçin Rəhimli (hamısı "Səbail”), Ehtiram Şahverdiyev, Roman Hüseynov, Qismət Alıyev (hamısı "Qəbələ”), İlkin Muradov ("Zirə”), Rəhim Sadıxov, Xəyal Nəcəfov (hər ikisi "Sumqayıt”);
Hücumçular: Mahir Emreli ("Qarabağ”), Ülvi İsgəndərov ("Qəbələ”).
Mənbə: Sportinfo.az