Bu gün "Qarabağ”ın bazasında Xocalı faciəsinin iyirmi səkkizinci il dönümü ilə bağlı tədbir keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirdə Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl futbolçulara faciə haqqda ətraflı məlumat verib:
"Qarabağ barəsində fikir ifadə etmək həmişə çətindir. Bu ad hər zaman tarixin müəyyən dönəmlərində çətin, acılı məqamlarla üzləşib. Bu gün həmin ağır günlərdən biridi. Yaddaşımızı hər zaman yeniləməyə ehtiyac var. Düz 28 il bundan qabaq bəşər tarixinin ən önəmli faciələrindən biri yaşanıb. Xocalıda, öz evlərində yaşayan 613 məsum, tamamilə günahsız insan qətlə yetirilib. Nə qədər uşaq valideynsiz qalıb. Cavan-qoca, uşaq-qadın fərqi qoymadan vəhşicəshinə qətliam törədilib. Bugün o şəhidləri ehtiramla yad edirik. Ailələrinin, xalqın acılarını paylaşıyırıq. Təsəvvür edin, 100 ailə təmamilə məhv olub. Bu səbəbdən "Qarabağ" Futbol Klubu fərqli missiya daşıyır. "Qarabağ"ın məqsədi bütün dünyaya Xocalı faciəsini, qətliamını, Qarabağın – torpaqlarımızın işğalını bütün dünyaya çatdırılmasına vasitəçilik etməkdi. Tam səmimi deyirəm, əsas məqsədimiz budu. Bizim məqsədimiz klubun adına xidmət etməkdi. Necə? Klub adına bacarıqlı futbol oynamaq, uğurlar qazanmaq və təbii ki, klubunun özəl mənəviyyatını sərgiləməklə. "Qarabağ" üçün mənəviyyat hər şeydən daha önəmlidi. Mən "Qarabağ"la, bu adı daşımağımızla fəxr edirəm. Və mən düşünürəm ki, biz birliyimizlə, cəsarətimizlə, uğurlarımızla, mənəviyyatımızla bu adı daşımağa layiqik. Biz Qarabağ naminə olan məsuliyyətimizi idrak edirik. Başda klubun prezidenti Abdulbari Gözəlin baxışlarıyla bütünləşən klubumuzun fəlsəfəsiylə qürur duyuruq. Bir daha qeyd edirəm ki, Xocalı faciəsi yalnız Azərbaycanın yox, ümumbəşəri faciədi".
Fanat.Az