"Neftçi”nin hücumçusu Baqali Dabonun "Qarabağ"ın forması ilə şəkli yayılıb.
Fanat.Az xəbər verir ki, şəkli fransalı hücumçunun həyat yoldaşı Tuğba İnstaqram hesabında paylaşıb.
Fotonun yayılması Dabonun Ağdam klubuna keçəcəyi ilə bağlı söhbətlərin yaramasına səbəb olub. Həmçinin, Dabonun "Neftçi"nin əzəli rəqiblərindən olan "Qarabağ"ın formasını geyinməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, "Neftçi" ilə müqaviləsi bu ayın sonu başa çatacaq futbolçunun "ağ-qaralar"dan ayrılacağı dəqiqdi. Onun Cənubi Kiprin "Apollon" klubu ilə müqavilə bağlaması haqda xəbərlər yayılıb.
"Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev məsələ ilə bağlı sport7.az-a açıqlamasında bildirib ki, futbolçu bu addımına görə cəzasız qalmayacaq:
"Qarabağ"a qarşı oynadığımız oyunlarda futbolçular adətən formalarını dəyişirlər. Hər halda Dabo həmin formalardan birini ev şəraitində geyinib və həyat yoldaşı bunu çəkib sosial şəbəkədə paylaşıb. Ancaq futbolçumuzun etdiyi bu hərəkət cəzasız qalmayacaq. Şəxsi həyatında istədiyini edə bilər, ancaq bəzi şeylər publikada nümayiş etdirilməməlidi".
"Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov isə sport7.az açıqlamasında məsələni belə izah edib:
"Bizdə futbolçular tez-tez bir-biriləri ilə formalarını dəyişirlər. Dabo da yəqin formasını kiminləsə dəyişib və üzərində olan həmin formadı. Ancaq o, hazırda "Neftçi"nin futbolçusudu. Dabo çox yaxşı, keyfiyyətli futbolçudu. "Qarabağ"ın formasını geyinməsi isə bizim üçün çox xoşdu".
Fanat.Az