"Çempionatı yaxşı notlarda bitirmək istəyirdik. Futbolçularımız qələbə üçün əllərindən gələni etdilər. Rəqibin kimliyinə rəğmən, meydana qalibiyyət üçün çıxırıq. Bir çox futbolçumuzun müqaviləsi bitir. Qalanlara da, gedənlərə də ayrı-ayrılıqda təşəkkür edirəm".
Fanat.Az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Ramin Quliyev evdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, oyuna yaxşı hazırlaşıblar: "Epizodlar zamanı kompakt müdafiə olunduq. Oyunları əks-hücumda qurmaq istəyirdik. Hesabda 1:0 öndə olarkən, təəssüf ki, yenə qapımızda 11 metrlik cərimə zərbəsi gördük. Bu, penaltiyə oxşamırdı. Amma hər oyun qapımıza penalti təyin olunur. VAR sistemi yoxdur, 50/50 olanda da belə qərar verilir. Bu, bir qədər xoşagəlməz hadisədir. Hər şey "Sabah"ın başına gəlir. Tam epizodu görməmişəm. Amma ilkin qənaətim budur ki, orada penalti yox idi".
Fanat.Az