Azərbaycan və Türkiyə arasında əlaqələrinin möhkəmlənməsindən yararlanaraq AFFA TFF ilə razılığa gələ, "yabancı" statusunun aradan qaldırılmasına nail ola bilər.
Fanat.Az-ın təklifini bu dəfə Azərbaycanın tanınmış futbol meneceri Vaqif Heydərli şərh edib.
O, "Azərbaycanlı futbolçuların qardaş ölkədə əcnəbi statusu götürülsə, futbolumuz bundan nə qazanar" sualına belə cavab verib:
"İki dövlət arasında münasibətlər həmişə yaxşı olub. Amma son dövrlərdə daha da inkişaf edir. Təbii ki, bu futboldan da yan ötməyəcək. Artıq iki futbol federasiya rəhbər şəxsləri arasında bir neçə görüş olub. Bu, bizim çoxdanki istəyimiz idi, amma təəssüf ki, futbolçularımızın Türkiyəyə getməsi müşkül hala çevrilib. Burda da çox faktorlar var. Çox geniş mövzudur. Bu haqda çox danışmaq olar.
Düzdür, Türkiyə Super Liqasında oynayacaq səviyyədə oyunçumuz azdır. Amma digər liqalarda oynaya biləcək futbolçularımız var. Əgər legioner statusunun aradan qaldırılması bütün liqalara şamil olunsa, onda şansımız daha çox olar. Beləcə I və II liqaya daha çox futbolçu gedər, ordan Super Liqaya yüksələrlər. 10-luqda olmasa da, digər klublarda oynaya biləcək səviyyədə tək-tük futbolçularımız var. Çoxları futbolçu keyfiyyətini önə çəkir ki, bizdə o səviyyədə futbolçular yoxdur. Məncə, Super Liqada aşağı pillədə olan klublarda oynaya biləcək futbolçular var, sadəcə bu günə kimi bizimkilər digər ölkələrdə olduğu kimi Türkiyədə də özümüzü sübut edə bilməyib. Çox az sayda futbolçularımızın uğurlu karyeraları olub. Fikrimcə, inam məsələsi də burda rol oynayır. Bir balaca güvən olsa, Super Liqada özlərini doğruldacaq futbolçularımız var.
Təklifə gəlincə, bu, geniş mövzudur. O işlə məşğul olanlar belə çətinlik çəkərlər. Uzun müddət üzərində düşünüb qərar veriləcək məsələdir. Amma bütün hallarda futbolumuz üçün çox müsbət haldır. İnanıram ki, çox yaxşı nəticələr olacaq".
Röya Kərimli

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol