Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" klubu Ankarada hazırlıqları davam etdirir.
Fanat.Az olaraq Sumqayıt təmsilçisinin baş məşqçisi Ayxan Abbasovla əlaqə saxladıq və komandada vəziyyətin necə olduğunu soruşduq.
- Komandada vəziyyət necədir? Zədəlilər varmı?
- Komandada vəziyyət düzəlir. Bəzi oyunçularımız zədəliydilər deyə gec qoşuldular. Tellur əməliyyatdan sonra bərpa müddəti keçirdi. Bakıda yüngül zədə alan Vüqarla Əli Qurbani burda bizə qoşuldular. Şükürlər olsun ki, komanda şəklində məşq edirik. Vəziyyət pis deyil.
- Təlim-məşq toplanışı necə gedir?
- Təlim-məşq toplanışları ümumən ağır keçir. Çünki futbolçularımız istirahətdən gəliblər. Yay təlim-məşq toplanışı qışdan daha ağır keçir. Çünki qışda istirahət o qədər uzun olmur. İki həftə, on gün gün çəkir. Futbolçular tonusdan düşmür. Amma yayda çempionat bitir, futbolçular psixoloji olaraq da özlərinə istirahət verirlər. Ona görə də toparlamaq çətin olur. Bu, hər il başımıza gəlir. Amma bu çətinlikləri keçəcəyik. Əsas odur ki, zədə olmasın. Planla gedirik. Düzdür, Konfrans Liqasına hazırlaşmaq baxımından vaxtımız azdır, amma çalışacağıq ki, tam hazır olaq.
- Bir neçə yoxlama oyun keçirmisiniz. Komadanın çıxışından razı qaldınız?
- İki oyun keçirmişik. "Qarabağ" və "Keçiörengücü" ilə qarşılaşdıq. Deyim ki, tam hazırıq, yox. Hər iki oyunda futbolçularımız 45 dəqiqə meydanda oldular. Bu da ondan irəli gəlir ki, ağır məşqlər keçirik. Çünki tam hazır deyillər. Oyunlarda istədiyimiz yükləmələri ala bilirik. Ümid edirəm ki, son iki oyumuzda daha yaxşı çıxış edəcəyik. Çatışmazlıqlarımız var, bunu bilirik və üzərində işləyirik.
- Yeni transferlər bağlı nə düşünürsünüz?
- Mehti Cənnətovun gedişindən sonra "Qəbələ"dən Tərlan Əhmədlini transfer etmişik. Ona inanırıq, ümidimiz böyükdür. Bu il üç qapıçımız var - Aydın, Hüseynəli, Tərlan. Üçünə də inanırıq. Yusifi tanıyırdıq deyə, yenə də komandamıza dəvət etdik. Ondan da çox şey gözləyirik. Keçən il "Qəbələ"də az oynamışdı. Roman da az oynayan futbolçulardandır. Xəzər gənc oyunçudur. Bu oyunçuları ümidlərlə gətirmişik. İnşallah, çalışacağıq ki, bir-iki transfer də edək. Çünki ehtiyacımız var. Onları da edə bilsək, komandada rəqabətin artmasını istəyirik. Bilirsiz ki, bizdə bəzi məhdudiyyətlər var. Amma bunlara baxmayaraq, rəhbərliklə yeni transferlər üzərində çalışırıq. İnşallah, çalışacağqı ki, edək.
- Son olaraq UEFA Konfrans Liqasında rəqibiniz "Çukariçki" komandası barədə danışaq.
- Rəqibi analiz edirik. Oyun üslubları ilə bağlı komandanı məlumatlandırmışıq. Deyim ki, çox yaxşı komandadır. Bir çox gənc futbolçuları var ki, inanıram ki, bir neçə ildən sonra yaxşı komandalarda çıxış edəcəklər. Özlərinə məxsus oyun üslubu ilə seçilirlər. Bir neçə ildir bir yerdə çıxış edirlər. Bunların hamısını futbolçularımıza çatdıracaq, çalışacağıq ki, oyuna hazır olaq və uğurlu nəticə əldə edək.
Röya Kərimli