Bu gün "Neftçi TV"nin fəaliyyətə başlamasının 1 ili tamam oldu.
Fanat.Az əlamətdar günü nəzərə alaraq "Neftçi TV"nin redaktoru, aparıcısı və şərhçisi İsmayıl Abdullayevin fikirlərini öyrəndik.
"Diqqət və təbrikinizə görə minnətdaram. Bəli, artıq 1 yaşımızı qeyd edirik, amma bu vaxtın hardan, necə gəlib keçdiyini özümüz də hiss etmədik. Bizi nələrin gözlədiyini bilirdik. Amma qorxmadıq, çəkinmədik və ən əsası "Neftçi" adına layiqli bir iş ortaya qoymaq üçün böyük yola çıxdıq. Özü də kiçik heyətlə. Buna baxmayaraq düşünürəm ki, bu müddət ərzində bizə göstərilən etimadı doğrultduq. Bunu həm siz həmkarların, həm "Neftçi" fanatlarının, həm də digər izləyicilərin dediyi, yazdığı xoş şərhlərə əsasən deyirəm.
Gördüyümüz işlər də maşallah məhsuldar olub. İstər videoçarxlar, istər xəbər bloqumuz, istər hazırladığımız müxtəlif məzmunlu verilişlər, istərsə də canlı bağlantılarımiz izləyicilərin zövqüncə olub. Hətta adlarını belə sadalaya bilərəm: "Neftçi xəbər", "Oyun günü", "Piramida", "Fanzona", "Bir sevgi", "Neftçinin tarixində", "Unudulmaz xatirələr", "Ulduz stansiyasi", "Həmsöhbət", "Topdan gülüş", "Neftçi mediada", məşq və oyunlardan canlı reportajlar, şərhlər, əyləncə xarakterli çellenclər, kreativ futbolçu təqdimatları və s. Amma əlbəttə ki, müəyyən çatışmazlıqlar, problemlərlə də üzləşdik. Bunsuz isə təbii ki, mümkün deyil. Ən əsası düşünürəm ki, "Neftçi" azarkeşləri ilə klub arasındakı körpü rolunu düzgün və layiqli şəkildə oynamağa çalışırıq. Bundan sonra da bu məsuliyyətli və şərəfli işin öhdəsindən gəlməyə maksimum şəkildə səy göstərəcəyik".
Kanalın gələcək planlarından da bəhs edən tanınmış şərhçi qeyd etdi ki, "Gələcək planlarımız hədsiz dərəcədə çoxdur. İlk növbədə kabel TV-yə çıxmaq kimi niyyətimiz var və hazırda bunun üzərində işlər gedir. Bunun reallaşacağı təqdirdə əlbəttə ki, heyətimiz də genişlənəcək və yeni-yeni layihələrin da sayı artacaq. Sağlıq olsun, yeni mövsümdə aşağı yaş qrupları üzrə komandaların çempionatları da bərpa edilsin, o zaman onların da turnirləri, məşqləri və oyunları haqda geniş materiallar hazırlamağı planlaşdırırıq. Çünki "Neftçi TV"nin fəaliyyəti təkcə A və B komandalarımızın çıxışına dair deyil. Ən kiçik uşaq futbolçumuzun belə hazırlığını, matçını çəkib işıqlandırmaq, onlarda ruh yüksəkliyi yaratmaq, futbolun kütləviliyinin artırmaq, ən əsası isə "Neftçi"mizin, millimizin uğurlarına sevinib onu işıqlandırmaq əsas məqsədimizdir".
Fanat.Az olaraq "Neftçi TV”nin kollektivini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!
Röya Kərimli