İdmançılar bütün cəmiyyətlərin sayılıb-seçilən qrupudur. Həmçinin Azərbaycanda idman adamlarına hər zaman xüsusi hörmətlə yanaşılıb, beynəlxalq miqyasda qazanılan uğurlar daim önə çəkilib. Odur ki, idmançıların da üzərinə düşən onlara bəslənən sevgi və hörməti layiqincə doğrultmaqdır. Lakin təəssüf ki, bəzən məyusluq yaşadan hallara rast gəlirik. İstər günümüzün ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələrdə, istərsə də adi həyatda zaman-zaman onlarla bağlı xoşagəlməz məqamlar gündəmə gəlir.
İdmançıların ictimai statusunu dərk etməməsi nədən qaynaqlanır? Onların bu yöndə maarifləndirilməsi işi necə aparılmalıdır?
Fanat.Az bu barədə idman mütəxəssisi Cahangir Həsənzadənin fikirlərini öyrənib.
AFFA-nın Texniki direktoru belə halların sosial şəbəkələrin "ehtiyaclar"ı olduğunu deyir: "Hər kəs öz düşüncəsinə görə addım atır. Bəzisi nə etsə də fikirləşir ki, bu hərəkət qeyri-etik sayılmır. Digər tərəfdən, bu kimi hallar sosial şəbəkələrin yaratdığı dırnaqarası ehtiyaclardır. Fərqli hesab etdikləri paylaşımlarla çoxlu baxış, bəyənmə sayı yığacaqlarını düşünüb, addım atırlar. Mənə görə, idmançılar təkcə karyerası ilə yox, fərqli çevrələrdəki davranışlarıyla da nümunə olmalıdır. Xüsusən Azərbaycanda istənilən uğurlu idmançını insanlar tanıyır, sayıb-seçir. Yığma komandanın üzvü, Avropa və dünya səviyyəsində nəticə qazanmış biri həmin səviyyəyə çatmaq üçün çox çətinliklərdən keçir. Heç kim qarşısına qoyduğu məqsədlərə asanlıqla nail olmur. Ələlxüsus idmançılar nə qədər məhrumiyyətlərlə qarşılaşır. İdmançı illərlə çəkdiyi zəhmətin dəyərini anlamalıdır. Nüfuzunu bu dərəcədə rahatlıqla xərcləməməlidir. Hər yerdə olduğu kimi, bizim özümüzdə də cəmiyyətdə özünə yaxşı mövqe tutmuş, hərtərəfli hörmət qazanmış idmançılar var. Çox xoş olar ki, digər idmançılar belələrinə baxıb, öyrənsinlər. İstəmirlərsə, bu, artıq onların öz seçimidir".
İdmançıya ictimai məsuliyyət anlayışını erkən dövrdə aşılamağın vacibliyini önə çəkən mllimizin keçmiş qapıçısı, maarifləndirmə missiyasının ilk növbədə məşqçilərin üzərinə düşdüyünü bildirir: "İdmançının böyük miqyaslı nəticələrə bəlli bir dövrdə nail olduğunu nəzərə alsaq, onlara ictimai məsuliyyətin hansı əhəmiyyət kəsb etdiyini erkən yaşlardan anlatmaq lazımdır. Çünki yetkinlik çağında nəyisə dəyişmək çox mürəkkəb məsələdir. Məsuliyyət birbaşa məşqçilərin üzərinə düşür. İdmançının qarşısına bir düstur qoyulub izah edilməlidir ki, sən gələcəkdə peşəkar biri olmaq istəyirsənsə, bu yolla irəliləməlisən. Qarşıda böyük məqsəd varsa, irimiqyaslı işlər, xırda detallar deyə bir fərq yoxdur.
Əndazəni aşan istənilən addım qınanmalıdır. Əks halda, səhvlər davamlı və qarşısıalınmaz xarakter alır. Nəticədə, bəzən xoşagəlməz məsələlərə şahidlik edirik. Bu kimi hallar bir idman adamı kimi məni də narahat edir".
Sahib Əsədbəyli