"HİK cümə axşamı ən böyük oyunlarından birinə ev sahibliyi edəcək”.
Fanat.Az-ın məlumatına görə, bu ifadə "Neftçi”nin Avropa Liqasındakı rəqibi olan Finlandiya HİK-nin rəsmi saytında dərc olunan reportajda yer alıb. Görünən odur ki, finlandiyalılar cavab görüşünə ciddi kökləniblər. Yazıda həmçinin, HİK-in müdafiəçisi Miro Tenhonun fikirlərinə də yer verilib. 26 yaşlı futbolçu "Neftçi”ni qiymətləndirib.
Yazını təqdim edirik:
"Klub üçün "Neftçi” oyununun əhəmiyyəti bir neçə il əvvəl baş tutan Finlandiya - Lixtenşteyn matçı ilə ilə eyni səviyyədədir. Qələbə Avropa Liqasının qrupunun bir addımlığına gətirəcək. Üstəlik, Konfrans Liqasının qrupu təmin ediləcək. İlk oyundakı 2:2-liyə əsasən deyə bilərik ki, Helsinkidə əla futbol tamaşası gözlənilir.
Müdafiəçi Miro Tenho rəqibi belə qiymətləndirir: "Etiraf etmək lazımdır ki, Bakıdakı oyunda "Neftçi" cərimə meydançası həndəvərində daha təhlükəli idi. Komanda tez-tez hiyləgər zərbələrdən istifadə edir. Hər iki qolu 16 metrlik cərimə meydançasının kənarından vuraraq, necə təhlükəli olduqlarını göstərdilər. Uzun məsafələrdən daha bir neçə qorxunc cəhdləri də oldu, yaxşı ki, nəticəsiz qaldı.
"Neftçi”nin yaxşı liderləri var. Onlar hücum planında daha təhlükəlidilər. Həmin oyunçulara boşluq verilsə, heç nədən qol vəziyyəti yaradırlar.
HİK də avrokubok matçlarında "qol maşını”nı xatırladır. Beş oyunda 12 qol. Bu bizə inam qazandırıb. Yaxşı əhval-ruhiyyədəyik. Məşqlərdə yaxşı işləyirik və düşünürəm ki, üzərində çalışdıqlarımızı meydana köçürə bilirik.
Böyük oyunlarda müdafiədə etibarlı oynamaq çox vacibdir. Veykasliqada son üç rəqibin (KTP, SJK, "Haka”) qol vurmasına imkan verməmişik. Xüsusilə öz cərimə meydançamızın yaxınlığında intizamlı oynayırıq və bu, bizə yaxşı əks-hücum imkanı qazandırır.
Bakıda demək olar ki, matçboyu daha üstün tərəf idik və onların müdafiəsi üçün çətinliklər yarada bildik. Cavab görüşündə "Buduçnost” və "Malmö”yə qarşı taktikinı tətbiq edə bilərik. Məşqçi Çempionlar Liqasının seçmə rəqiblərinə qarşı effektli oyun planı hazırlamışdı. Düşünürəm ki, bu dəfə də eynisini görəcəyik. Azarkeşlər və bir çox komandanın çətinlik yaşadığı süni örtük - evdə qalib gəlmək şansının elementləridir. Evdəki izdiham qonaq komandanı daha da əsəbiləşdirir. Ümid edirik ki, mümkün qədər çox insan məkana gedəcək və gələcəkdə xatırlanacaq bir hadisə yaradacaq!”
Qeyd edək ki, HİK – "Neftçi” oyunu sabah Helsinkidəki "Bolt Arena”da baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mirağa