Konfrans Liqasının pley-offunda qarşılaşan “Neftçi” və “Makkabi” (Hayfa) cütünün favoriti israillilər hesab olunurdu. Odur ki, evdə oynamasına baxmayaraq, flaqmanın çətinlik çəkəcəyi gözlənilən idi. Ancaq “Neftçi” az qala gecənin sürprizinə imza atacaqdı...
Samir Abasov nəhayət, inadından əl çəkib Sezar Meza Kollini ehtiyatda saxlamaqla, “Neftçi”yə ikinci nəfəs vermişdi. Sirr deyil ki, paraqvaylı yaradıcı olsa da, ağırdı və çox vaxt müdafiəyə köməyə gəlmir. Bu dəfə isə orta sahə Roman Bask-Mamadu Kane- Emin Mahmudov “üçlüy”ünə tapşırılmış, əli-qolu açılan Sabir Buqrin isə hücumda Harramiz Suaresə, o cümlədən, sol cinahda Yusif Lavala fəal dəstək verə bilirdi.
İlk dəqiqələrdən hiss olunurdu ki, komanda daha hərəkətlidi. Düzdü, bu, “Makkabi”nin səviyyəsi haqda gerçəyi dəyişmir. 9-cu dəqiqəyə təsadüf edən erkən qol, daha doğrusu, avtoqol işləri korladı. Hər şey Kanenin topu itirməsi ilə başladı. Atzili sol cinahdan cərimə meydançasına yaxınlaşıb qapını nişan aldı ki, yolüstü Stankoviçə dəyən top qapıçını da çaşdırıb tora daxil oldu.
Şokdan ayılmayan “Neftçi”ni 25-ci dəqiqədə Aqil Məmmədov yüzfaizli qoldan xilas etdi. Ümid qalmışdı Abasovun paltardəyişmə otağında komandanı silkələyib ayıltmasına, ilk dəqiqələrdəki hərəkətlilik sanki yoxa çıxmışdı...
Baş məşqçinin fasilədə verdiyi tapşırıqlar işə yaradı. Belə ki, “Neftçi” 2-ci hissəyə qolla başladı. Künc zərbəsindən sonra geri dönən topu Laval 25-30 metrdən fantastik zərbə ilə qola çevirdi - 1:1.
Bu dəfə hayfalılar ağır zərbə almışdı. Hər halda, rəqib “Neftçi”nin sürətli həmlələrinin qarşısını almaqda aciz qalmışdı. 66-cı dəqiqədə “ağ-qaralar” əla kombinasiyadan sonra hesabda önə keçdi. Laval hücumu özü başlatdı, Harramizə qısa ötürmə etdi. O isə topu Eminə buraxdı. Kapitan isə irəli şığıyan Lavalı qapıçı ilə təkbətək çıxardı - 2:1. “Makkabi” özünə gəlməmiş qapısında daha bir qol gördü. Əks-hücumdan sonra Emin bu dəfə özü fərqləndi. Daha doğrusu, Laval onun “borcunu qaytardı” - 3:1. Beləliklə, Mahmudov verdiyi sözü də tutmuş oldu. Son müsahibəsində “Bney Yehuda”nın qapısına qol vurduğunu xatırladan kapitan söz vermişdi ki, israilliləri yenə məyus edəcəm... və dediyinə əməl etdi.
Samir Abasov 75-ci dəqiqədə əvəzləmə edərkən yanlış seçim etdi. Harramizin yerinə Meza Kollini yox, Fəhmin Muradbəylini meydana buraxmaq lazım idi. Belədə sağ cinahda İsmayıl Zülfüqarlı da yükdən azad olacaq, bəlkə də 2 dəqiqə sonra qırmızı vərəqə almayacaqdı. “Neftçi”nin 2 topluq üstünlüyü məhz gənc futbolçunun ikinci xəbərdarlıqdan sonra meydandan qovulması ilə əriməyə başladı. “Makkabi” dərhal cərimə zərbəsindən fərqi minimuma endirdi.
Say üstünlüyünə yiyələnən qonaqlar aramsız hücumlar etməyə başladı. 80-ci dəqiqədə bəxtimiz gətirdi. Top tirdən döndü. Son dəqiqələrdə Aqil Məmmədov azı 2-3 epizodda real qolu əngəllədi. Ancaq hakimin əlavə etdiyi 6-cı dəqiqədə Hayfa klubu bərabərlik qolunu vuraraq, “Neftçi”nin üstünlüyünü heçə endirdi.
Flaqman səfər oyunu ərəfəsində minimal hesabla da olsa qalib gəlsəydi, cavab görüşü üçün şansların bərabər olduğunu proqnozlaşdırmaq olardı. Ancaq “Makkabi” evdə “ağ-qaralar”ın gününü qara edəcək. Bir yandan da flaqman cavab matçına ciddi itkilərlə yollanacaq. İsmayıl qırmızı, Laval və Mamadu Mboc isə sarı vərəqə cəzalısıdı. “Neftçi” “başına qonan səadət quşu”nu uçurtmamalıydı...
Mirağa