Birinci Divizionda yeni mövsümün startına 10 gündən az vaxt qalıb. Klublar hazırlıqlarını tamamlamaq üzrədir. Çempionat iştirakçılarından yalnız "Neftçi-2" mövsümə hazırlığın əsas mərhələsini ölkə xaricində keçib. Son çempion Türkiyədə təlim-məşq toplanışında olub.
Fanat.az hazırlıq barədə komandanın baş məşqçisi Mahmud Qurbanovun fikirlərini öyrənib:
"Türkiyə toplanışı 10 gün nəzərdə tutulmuşdu. Ora getməkdə məqsəd güclü rəqiblərlə oynamaq idi. Səfər keçən il çempion olduğumuza görə klub rəhbərliyi tərəfindən bizə jest olaraq, təşkil edilmişdi. Afyon şəhərində hazırlıq keçdik. Hələ Bakıdaykən 3 sınaq matçı keçirməyi, rəqibləri və oyun günlərini dəqiqləşdirmişdik. Rəqiblərimizdən 2-si Türkiyənin 2-ci, 1-i isə üçüncü liqa komandası idi. Bir oyunda qalib gəlib 2-də uduzduq. Buna baxmayaraq, komandamdan, ümumiyyətlə, hazırlıq prosesindən çox razı qaldım. Şükür, zədə alan futbolçumuz olmadı. Bu, çempionat ərəfəsində vacibdir.
Komandaya hər cür şərait yaradılmışdı. Məşqdən tutmuş qidalanmaya qədər yüksək səviyyədə idi. Təşkilatçıların bizə münasibətindən də çox razı qaldım. Hörmətlə qarşılandıq. Xüsusilə sonuncu oyunu qeyd etməliyəm. Yoxlama görüşü olmasına baxmayaraq, Sparta şəhərində yerli komandaya qarşı oyunumuza şəhər rəhbərliyi bilet satışı da həyata keçirmişdi. Stadionda əla atmosfer yaratmışdılar. Bu oyunlar gənc futbolçularımız üçün böyük təcrübə oldu. Səmərəli təlim-məşq toplanışımız oldu".
"Professor" heyətdəki dəyişiklərdən də danışıb:
"Çempion heyətdən yolumuzu ayırdığımız futbolçular çox oldu. Ancaq onları yenilərlə əvəzlədik. Əsasən akademiyamızın üzvlərindən - 2003-2004 təvəllüdlülərdən yeni komanda formalaşdırmışıq. Kənardan gələn təzə oyunçu bir nəfərdir. Keçən mövsüm "Zaqatala"da çıxış edən Xəqani Sadıxovu sıralarımıza qatmışıq".
Təcrübəli məşqçi "Neftçi-2"nin hədəfini açıqlayıb:
"Üç-dörd ildi "Neftçi"nin əvəzedici komandasına rəhbərlik edirəm. Heç vaxt qarşıma məqsəd qoyulmayıb ki, çempion olmalısan. Buna baxmayaraq, ötən il I Divizionun qalibi olduq. Yenə əsas məqsədimiz əsas komandaya oyunçu hazırlamaq olacaq. Ancaq titulu əldən verməyə də hazırlaşmırıq. Məqsədimizə çatmaq üçün əlimizdən nə gəlirsə, etməyə çalışacağıq".
Mahmud Qurbanov titulu qorumağın asan olmayacağı, ona doğma olan "Kəpəz" və digər rəqiblərin güclənməsinə diqqət çəkib:
"Rəqiblər haqda bilgimiz azdır. Bilirəm ki, mənə də doğma olan "Kəpəz" güclənib. Heyətinə təcrübəli oyunçular qatıblar. "Zaqatala" və "Turan Tovuz" da bizə çətinlik yarada bilər. Eləcə də əvəzedici komandalar planlı hazırlıq keçiblər. Onların əsas komandanın futbolçularından istifadə etmək imkanı da olacaq. Bu mənada "Sabah-2"ni qeyd etməliyəm. Onlarla yoxlama görüşü keçirmişik, güclərinə bələdik. Odur ki, ehtiyatı əldən verməməliyik".
Mirağa