Cənublu azarkeşlərin "Xəzər Lənkəran" sevgisini özündə yaşadan "Xan Lənkəran" Region Liqasının startına köklənib.
Fanat.Az xəbər verir ki, oktyabrın 16-da başlaması nəzərdə tutulan yarış ərəfəsində "Xan Lənkəran" tərəfdarlarına səslənib.
Müraciətdə deyilir: "Əziz azarkeşlər, çoxsaylı suallara cavab olaraq bildiririk ki, Region Liqası ilə yanaşı, gələcəkdə hər yaş qrupu üzrə liqalarda iştirak etməyi qarşımıza məqsəd qoymuşuq. Bunları mərhələli formada həyata keçirəcəyik. Planlaşdırılmış işlərin icrası üçün vəsait ayrılacaq və nəzarət olunacaq.
Siz azarkeşlərin sevgisini və sevincini görmək bizə xoş təsir bağışlamaqla yanaşı, daha məsuliyyətli olmağı tələb edir. Komandanın inkişafında azarkeşlərin rolu danılmazdır. Bu baxımdan, keçirilən hər oyunda rəqibə hörmətlə yanaşmağınız xahiş olunur. Hər hansı xoşagəlməyən hadisə səbəbindən cəzalanmaq və bağlı qapılar arxasında oynamaq istəmirik".
Azarkeşlər komandanın müraciətini xoş qarşılayaraq məsuliyyətli davranacaqlarını bildiriblər: "Neçə ildi futbola həsrət qalmışdıq. Əziyyət çəkilib, komanda yaradılıb. Özü də bildiyimiz, tanıdığımız uşaqlardır. Çalışaq bizim hərəkətimizə görə komanda əziyyət çəkməsin, kiminsə məsuliyyətsiz davranışına görə oyunlar azarkeşsiz keçirilməsin və ya başqa cəza olmasın".
Bu arada, "Xan Lənkəran" Region Liqası ərəfəsində daha bir yoxlama oyunu keçirəcək. Rəqib yarışa iddialı qoşulacağını bəyan edən "Mübariz" komandasıdır. Görüş oktyabrın 10-da, saat 16:00-da mərkəzi şəhər stadionunda baş tutacaq.
Mirağa