Kamran Ağayevdən sonra Azərbaycan milli komandasında "1 nömrə" adına 3 əsas namizəd var idi: Səlahət Ağayev, Aqil Məmmədov və Emil Balayev. Ancaq onların heç biri bu mərtəbəyə yüksəlmədi. Əvəzində Şahruddin Məhəmmədəliyev parladı və bu gün də istər klubunda, istərsə də yığmada əsas qapıçıdır. Düzdür, millinin baş məşqçiləri bir neçə oyunda "çərçivə"ni Səlahətlə Emilə etibar etdi. Bununla belə, onların klub seçimi karyeralarına təsirsiz ötüşmədi.
Səlahət Ağayev "Keşlə"ni (keçmiş "İnter") "Sumqayıt"a dəyişəndən sonra eniş yaşamağa başladı. Hardasa 4 il bu iki klub arasında var-gəl etdi. 2017-ci ildə "Neftçi"yə keçsə də, Aqil Məmmədovun da paytaxt klubuna keçməsindən sonra yenidən iş yerini dəyişməyə qərar verdi və "Sabah"a üz tutdu. Masazırlıların qeyri-sabit çıxışı fonunda 30 yaşlı qolkiper də üzdə ola bilmir.
Emil Balayev 2019-cu ildə legioner həyatı yaşamağa qərar verməklə əslində, doğru seçim etmişdi. Qazaxıstan "Tobol"undakı çıxışı da parlaq alındı. Təsadüfi deyil ki, "Səbail"dən Qazaxıstana gedəndə onun "Transfermarket"də qiyməti 400 avro göstərilmişdisə, bir il sonra Azərbaycana 1,2 milyonluq qapıçı kimi döndü. "Zirə"də yarım mövsüm oynadıqdan sonra karyerasında "ikinci "Qarabağ" səhifəsi açsa da, Şahruddinin kölgəsindən çıxa bilmədi ki bilmədi.
Aqil Məmmədovla bağlı durum isə fərqlidir. Qapıçılarla bağlı bu qeydlərimizin məğzi məhz Aqillə bağlıdır. "Neftçi" kimi iddialı klubda çıxış edən 32 yaşlı qolkiper karyerasının elə dövrünü yaşayır ki, təcrübəsindən söz etdirməli, komandasını arxası ilə aparmalıdır. Di gəl, Məmmədov xüsusilə son vaxtlar sıralanan kobud səhvləri ilə diqqət çəkir. Gah uzaqdan zərbələrə reaksiya verə bilmir, gah çıxışda səhv buraxır, gah da topu rəqibə "hədiyyə" edir. Son turda "Qarabağ"la prinsipial matçda topu komanda yoldaşına yox, Marko Veşoviçə ötürdü və monteneqrolunun qol vurmasına şərait yaratdı. Düzdür, bu vaxt hesab artıq 3:0 idi və buraxılan dördüncü qol yekun nəticəyə təsir edən səhv sayılmamalıdır. Amma buraxdığı səhvi özünə bağışlamayıb meydana uzanaraq ağlaması Aqilin psixoloji durumunun qaydasında olmamasına dəlalət edir.
"Neftçi"nin qapıçısının problemini müəyyənləşdirmək üçün mütəxəssis fikrinə ehtiyac duyduq. Qapıçılar üzrə təcrübəli məşqçi, hazırda "Kəpəz"də Yaşar Vahabzadənin köməkçisi kimi çalışan Nadir Şükürov Fanat.Az-a açıqlamasında Aqil Məmmədovun durumunu belə dəyərləndirdi:
"Doğrudur, Aqil son vaxtlar bir neçə səhvlə diqqət mərkəzinə düşüb. Eyni səhvləri başqaları da edir. Amma Məmmədov "Neftçi"də oynadığı üçün diqqət mərkəzindədir, daha çox müzakirə olunur. Amma ümumilikdə onun zəif qapıçı olduğunu demək insafsızlıq olar. Ötən mövsüm çempionluqda onun əziyyəti az olmadı. Sadəcə, müdafiədə problem olanda qapıçıya da yük düşür. Çox qol buraxanda da özünəinam azalır. Milliyə çağırılmaması da onun çıxışına təsir edir. Hər bir futbolçunun ən böyük arzusu ölkənin əsas komandasında oynamaqdır. Ölkə cempionunun əsas heyət qapıçısı milliyə çağırılmalıdır. Təbii ki, ögey münasibətlə qarşılaşmasının onun performasına təsiri var. Mehdi Cənnətovu yığmaya çağırıb ehtiyatda oturtmaqdansa, bu şansı Aqilə vermək məncə, daha doğru və obyektiv olar".
Mirağa