Azərbaycan Premyer Liqasının XI turunda "Səbail" səfərdə "Zirə"yə 1:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında komandanın məşqçisi Vüqar Məmməd görüş haqda bunları söyləyib:
“Bu gün öz dəst-xətti ilə seçilən komandaya qarşı oynadıq. Oyundan-oyuna rəqibin həm sürətli, həm də dinamik oyun nümayiş etdirdiyi görsənir. Bizə gəldikdə isə, bir sıra çətinliklərimiz var. Süni meydandan təbii meydana keçmişik, millidə olan oyunçular komandaya bir az gec qoşuldular. Bunun fonunda rəqib meydanında oynamaq çətin oldu.
Kamran Ağayevin zədəsi var. Elxan Əhmədov da xəstələnmişdi, matça bərpa olunması çətin oldu. Nailə də güvənirdik. Neçə vaxtdır gözləyirdik ki, ona şans verək. 21 yaşı var, Premyer Liqada oynamağa hazır futbolçudur. Sadəcə, debüt oyunu olduğundan, onun üçün çətin idi”.
Qeyd edək ki, "Səbail"in baş məşqçisi Aftandil Hacıyev cəzalı olduğu üçün mətbuat önünə çıxa bilməyib.