Bu gün AFFA-nın Hesabat Konfransında elan edildi ki, növbəti mövsüm Premyer Liqada 10 komanda iştirak edəcək.
Bu o deməkdir ki, elitadan düşən olmayacaq, əksinə, aşağıdan iki klub yüksələcək. Düzdür, əsasnamənin əsas şərtinə əməl olunsa, yəni Premyer Liqanı sonuncu pillədə başa vuran komanda aşağı düşsə, diviziondan 3 komandaya "yaşıl işıq" yandırılmalıdır. Ancaq faktdır ki, divizion təmsilçilərinin heç də hamısı tələblərə cavab vermir.
İndiki halda, əvəzedici komandaları bir kənara qoysaq, Premyer Liqaya 5 klub - "Qaradağ Lökbatan", MOİK, "Kəpəz", "Zaqatala" və "Turan Tovuz" potensial namizəddir. Bu baxımdan mövsümün sonundakı turnir mövqeyi də həlledici sayılmayacaq. Çünki əvvəllər də belə təcrübə yaşanıb: Premyer Liqaya mükafatçılar sırasına düşməyən komandaları belə buraxıblar. İzah isə o olub ki, üst pillələrdə qərarlaşanlar lisenziyalaşdırmanın tələblərinə cavab vermir.
İndiki halda namizədlərdən biri də "Turan Tovuz" klubudur.
Klub lisenziya almaq üçün AFFA-ya müraciət edib? "Turan Tovuz" Premyer Liqada çıxış etmək üçün lisenziyalaşdırmanın tələblərinə cavab verirmi?
"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyevin fikirlərini təqdim edirik:
"Konfransda mən də iştirak etdim. Təbii ki, istəyimiz həmin komandalardan birinin "Turan Tovuz" olmasıdır. Lisenziyalaşdırma ilə bağlı bütün tələblərə cavab veririk. Amma yenə də hazırda əsas problem maliyyə məsələsidir. Bu meyarda axsamalarımız olur. Bəlli məsələdir ki, bunun üçün vəsait, sponsor olmalıdır. Qalan bütün məsələlər isə qaydasındadır. Çatışmayan yeganə şey maliyyədir."
Emin