Bu həftəsonu Azərbaycan Premyer Liqasında XVI tur üç qarşılaşmayla yekunlaşdı.
“Qarabağ”ın “Sumqayıt”la qarşılaşması isə “köhlən atlar”ın avrokuboklarda məsul sınaqla üz-üzə olması ilə əlaqədar təxirə salındı. Sözsüz ki, hazırkı vəziyyətdə Ağdam klubu həmin qarşılaşmanın şəksiz favoriti idi. Deməli, bu görüş indi baş tutsaydı, Qurban Qurbanovun yetirmələri növbəti 3 xalı aktivinə yazacaqdı. Bu isə ən çox “Neftçi” üçün arzuolunmazdı. Son çempionun “Qarabağ”dan 14 xal geridə olması həm ümumi görüntüyə xələl gətirir, həm də komanda üçün əlavə psixoloji təzyiq yaradırdı. Deməli, “Qarabağ”ın meydana çıxmamasıyla “Neftçi” fərqi bir qədər “əritmək” üçün fürsət qazanmışdı. Hər hada “ağ-qaralar” bu fürsəti dəyərləndirə bildi. “Zirə”nin “Sabah”ı məğlub etməsi də turun diqqətçəkən hadisələrindəndi. Sırasıyla bu hadisələrə toxunaq.
“Qəbələ” – “Səbail” 2:0
Qollar: Ülvi İsgəndərov, 79, İsnik Alimi, 90+7
“Qırmızı-qaralar” çempionatın aşkar autsayderini əyalətdən Bakıya xalsız yola saldılar. Qolların oyunun sonlarında vurulması ilk baxışdan görüşün çətin keçməsi barədə təəssürat yaradır. Amma işin əsli belə deyil. Bu mövsüm azarkeşlər “Qəbələ”nin fasilədən sonra sürət yığmasının, vacib qolların məhz ikinci 45 dəqiqə ərzində vurulmasının çox şahidi olublar. “Səbail”lə görüş də istisna olmadı. Maraqlıdı ki, mövsümdə 6-cı qolunu vuran Ülvi İsgəndərov bu dəfə də əvəzetmədən oyuna qoşulmaqla fərqləndi. Ülvinin belə məhsuldarlığı alqışlanmaya bilməz. Eyni zamanda onun bu bacarığını kəşf edən, futbolçusunun potensialından düzgün yararlanan baş məşqçi Elmar Baxşıyev də alqışlanmalıdı. Çalışdırıcı Azərbaycan futboluna türkiyəli Semih Şəntürk kimi “növbətçi qolçu” qazandırmaqdadı. Əsas vaxta əlavə edilmiş 7-ci dəqiqədə qol vuran İsnik Alimi isə “Qəbələ”nin rəqib üzərində üstünlüyünü möhkəmləndirməklə həm də bu mövsüm vurduğu qolların sayını beşə çatdırdı.
“Səbail” haqqında deyiləcək xüsusi nəsə yoxdu. Aftandil Hacıyev ümidini təcrübəsiz gənclərə və yaşı ötməkdə olan “veteranlara” bağlayıb. Təəssüf ki, gənclərlə təcrübəlilərin vəhdətindən mübariz kollektiv formalaşdırmaq çalışdırıcıya nəsib olmayıb. Bu da futbolçuların keyfiyyəti və komandadakı maliyyə problemləri ilə bağlıdı.
Bu qələbə sayəsində “Qəbələ” xalını 29-a yüksəltdi və “Qarabağ”ın ən yaxın izləyicisi olmağa davam edir. 11 xalı olan “Səbail” isə hələ də sonuncudu. Çox güman ki, Bayıl təmsilçisi mövsümün sonuna qədər bu pillədən qurtula bilməyəcək.
“Neftçi” – “Keşlə” 3:1
Qollar: Sezar Meza Kolli, 21, Voyislav Stankoviç, 26, Ramin Nəsirli, 44 - Felipe Santos, 90+3
Az əvvəl vurğuladığımız kimi, “Neftçi” üçün bu tur qələbə qazanmaq vacib idi. Komanda ölkə kubokunda “Sabah”ı mübarizədən kənarlaşdırmağı bacarmışdı. Özü də əzmkar qələbə ilə. Həmin qələbənin sevinci və gətirdiyi yaxşı əhval-ruhiyyə “Keşlə” ilə oyunda da işə yaramalıydı. Maraqlıdı ki, “ağ-qaralar” bu dəfə də 3:1 hesabıyla qələbə qazandı. Samir Abasovun etimad göstərdiyi yerli qapıçı Kamran İbrahimov heç də pis çıxış etmədi. Onun son dəqiqələrdə Felipe Santosun qoluna əngəl ola bilməməsi qələbəyə kölgə sala bilməz. Əvəzində gənc Ramin Nəsirlinin elitadakı debüt oyunundaca fərqlənməsi Abasovun və “Neftçi” azarkeşlərinin üzünü güldürməlidi. Ümid etməyə dəyər ki, “Neftçi”nin futbol akademiyası tezliklə Ramin Nəsirli kimi gəncləri əsas komandaya qazandırmağa davam edəcək.
“Keşlə” üçün nə itirəsi nəsə var, nə də qazanası. Əlini kubokdan da üzən qəsəbə təmsilçisi köç əhvalındadı. AFFA-nın Şamaxıya göndərib, adını dəyişdirməyə hazırlaşdığı komanda Premyer Liqada say düzəltmək və reqlamentə əməl etmək üçün meydana çıxır. Bir şey dəqiqdi ki, “Keşlə” üçün bu mövsüm boşa verilib. 16 oyuna 14 xal toplayan qəsəbə təmsilçisinin mükafatçılar sırasına düşməsi qeyri-realdı.
“Neftçi” isə azı gümüş medal qazanmaq üçün mübarizəsini davam etdirir. Komandanın aktivində 25 xal var. 4-cü pillədəki “ağ-qaralar” “Zirə”dən 3 xal geri qalır.
“Zirə” – “Sabah” 2:0
Qollar: Hamidu Keyta, 63; 90+2
Zirəlilər də bu tur “Neftçi” kimi çox vacib qələbə qazandılar. Düzdü, bu qələbə onlara nisbətən çətin başa gəldi. Murad Musayevin gəlişiylə xeyli dəyişən və nəticələrini yaxşılaşdıran “Sabah” səfərdə rəqibi ilə başabaş mübarizə apardı. Hiss olunurdu ki, Rəşad Sadıqov “Sabah”ın güclü və zəif tərəflərini yaxşı öyrənib, komandasını görüşə ciddi hazırlayıb. İlk yarıda bərabərsəviyyəli keçən oyunda əsas hadisələr fasilədən sonra baş verdi. David Volkov yenə əla oyunu ilə izləyənlərin alqışını qazandı. Məhz onun yaxşı ötürməsindən sonra Keyta 63-cü dəqiqədə hesabı açdı. Fransalı yarımmüdafiəçi son saniyələrdə “Sabah”ın qapı torunu ikinci dəfə silkələməklə yekun nəticəni də müəyyənləşdirdi. Həmin epizod hesabı bərabərləşdirmək üçün var qüvvəsiylə irəli atılan “Sabah”ın müdafiədə verdiyi boşluqların nəticəsiydi.
Bu qələbə sayəsində “Zirə” xalını 28-ə çatdırdı və “Neftçi”ni yenidən 3 xal geridə qoymağı bacardı. Qəsəbə komandası 3-cü pillədən möhkəm yapışıb və medal qazanmaqda israrlıdı. 5-ci yerdəki 20 xallı “Sabah” üçün isə bu, bir qədər çətin görünür.
Amal Abuşov