Sosial şəbəkələrdə "Turan Tovuz"un növbəti mövsüm Premyer Liqada iştirakı ilə bağlı xəbər yayılıb.
Fanat.Az xəbər verir ki, müzakirələrdə qərb təmsilçisinin tovuzlu futbolçuları bir araya gətirmək istəyi ilə bağlı şərh və rəylərə rast gəlinir.
Belə anlaşılır ki, “Turan Tovuz” elitada çıxış edən təcrübəli yerli futbolçuları heyətinə cəlb etmək istəyir. Onlardan biri hazırda "Sumqayıt"da çıxış edən Elvin Məmmədovdur.
33 yaşlı yarımmüdafiəçi ilə əlaqə saxlayıb onun bu barədə fikirlərini öyrəndik:
"Açığı, mən də mövzu ilə sosial şəbəkədən tanışam. "İnstagram"da şəklimi qoyub yazmışdılar ki, "Turan Tovuz"a keçəcəyəm. Hələlik bu barədə rəsmi bir şey yoxdur. Amma mövqeyim birmənalıdır: təki sevimli komandamız elitaya gəlsin, sevə-sevə kömək edərəm. Tovuzda futbolu çox sevirlər. Uzun müddətdən sonra Premyer Liqada çıxış etməyə şərait yaratsalar, bu Azərbaycan futbolu adına çox yaxşı olar. Dediyim kimi, heç kim fikrimi soruşmayıb, təklif göndərilməyib. Elvin Məmmədov oldu, ya olmadı, təki "Turan Tovuz" Premyer Liqada çıxış etsin. Amma yenə deyirəm, təklif göndərsələr, niyə də razılaşmayım?"
Qeyd edək ki, Elvin Məmmədov Tovuzda anadan olub və peşəkar karyerasına 2004-cü ildə yerli "Turan"da başlayıb. 2008-ci ildən etibarən ölkənin digər klublarında - "Keşlə" (ovaxtkı "İnter"), "Qarabağ", "Bakı", "Zirə", "Qəbələ" və "Sumqayıt"da top qovub.
Mirağa