"Neftçi"nin kapitanı Emin Mahmudov klub televiziyasına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Ramazan ayının komandaya problem yaratmadığını bildirib:
"Ötən ildə də oruc tutub, futbol oynayırdıq. Sadəcə, son oyunumuz alınmadı. Danışılası heç nə yoxdur. Bəlkə də yığmanın oyunlarından yeni gəldiyimizə görə yaxşı oynaya bilmədik. Komanda ilə bir dəfə məşq etmişdik. Oyunumuz bu səbəbdən alınmadı".
Mahmudov XXII turda "Şamaxı" ilə səfər qarşılaşmasında qələbə qazanmaq istədiklərini bildirib: "Motivasiyamız normaldır, qələbə qazanmağa çalışacağıq. Şamaxıya ilk dəfə gedirik, meydanın necə olduğunu bilmirik. Ancaq qələbə haqqında düşünürük. Qarşılaşmaya çox azarkeş gəlsə, sevinərik. Çempionat oyunlarına elə də fanat gəlmir. Amma ümid edirəm ki, bu bölgədəki matçlara daha çox tərəfdar gələcək".
Qeyd edək ki, aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlanacaq.