"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Qarabağ"a 0:5 hesabı ilə uduzduqları Premyer Liqanın 16-cı turun matçından sonra mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, belaruslu mütəxəssis matçı belə şərh edib:
"Meydanda olanları hamı gördü. Rəqibin heyətində yaxşı futbolçular var. Öz səhvlərimiz də oldu. Nəticədə böyük hesabla uduzduq. Yaxşı nəticə üçün gözəl oyun sərgiləmək lazımdır. Belə səhvlər etməməliyik.
Rəqibin ustalıq səviyyəsi də olduqca yüksəkdir. Ona görə də əlimizə düşən azsaylı epizodlardan da yararlana bilmədik".
41 yaşlı mütəxəssis "Qarabağ"ın futbolçusu Riçard Almeyda ilə maraqlandıqları ilə bağlı suala belə cavab verib: "Hansısa adla bağlı şərh verə bilmərəm. İki oyunumuz qalıb. Mövsümü başa vurmalıyıq. Bundan sonra transferlər barədə danışa bilərik. Belə xəbərləri şərh etməyin mənası yoxdur".