Azərbaycanda futbol mövsümünün başa çatmasına 9 gün qalıb. Kubokun qalibi və bürünc mükafatçının kimliyi bəlli olmasa da, ölkəmizi avrokuboklarda təmsil edəcək iştirakçıların adları iki gün öncə müəyyənləşib.
Sözsüz ki, ilk növbədə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında iştirak edəcək klubların transfer fəaliyyəti diqqət mərkəzindədir. "Qarabağ", "Neftçi", "Zirə" və "Qəbələ"də boşluqlar varmı, sözügedən klublar əsasən hansı mövqeləri gücləndirməyə ehtiyac duyurmu?
Tanınmış menecer və keçmiş klub rəsmisi Vaqif Heydərli mövzu ilə bağlı Fanat.Az-a danışdı:
Qarabağ
"Qarabağ" adətən ilboyu axtarışda olur. Yəqin ki, artıq gözaltı etdikləri futbolçuları da çoxdan müəyyənləşdiriblər. Keyfiyyətli legioner tapsalar, transfer edəcəklər. Digər tərəfdən, komandanın heyəti genişdir. ÇL-ə hazırki heyətlə də başlaya bilərlər. Odur ki, tələsik transfer etməyə ehtiyac yoxdur. Patrik Andradenin müqaviləsinin müddəti başa çatıb. Onu saxlaya bilsələr, hesab edin ki, yeni transfer reallaşdırıblar. Patrik önəmli oyunçudur. Hesab edirəm ki, "Qarabağ" istənilən halda, onu razı salıb komandada saxlayacaq.
Neftçi
Bakılılarla bağlı durum fərqlidir. Baş məşqçi məsələsi qeyri-müəyyəndir. Samir Abasovu göndərsələr, ilk transferləri baş məşqçi ilə bağlı olacaq. Heyətlə bağlı da dəyişikliklər gözlənilir. Bildiyimə görə, "Neftçi" bütün mövqelərə oyunçu axtarır.
Zirə
"Zirə"də çox dəyişiklik olacağını güman etmirəm. Rəşad Sadıqov komandanı komplektləşdirib. İki-üç yeni oyunçu transfer etsələr, Konfrans Liqasında normal çıxış edə bilərlər.
Qəbələ
"Qəbələ" imkanlarına görə normal heyət formalaşdıra bilib. Yəqin ki, heyəti qoruyub saxlayacaqlar. Fikrimcə, əlavə olaraq iki-üç oyunçu götürəcəklər. İlk növbədə hücumçu axtarırlar. Bundan başqa, bir mərkəz müdafiəçisinə də ehtiyacları var.
Vaqif Heydərli Premyer Liqanın digər klublarının transfer fəaliyyəti ilə bağlı proqnozlarını da bildirdi:
"Avrokuboka vəsiqə qazana bilməyən "Sabah" növbəti mövsüm üçün heyətini gücləndirəcək. Artıq fəaliyyətə başlayıblar. İlk növbədə hücumçu axtarışındadırlar. Bundan başqa, müdafiənin mərkəzinə də transfer etmək istəyirlər. Növbəti mövsüm ən çox dəyişikliyə məruz qalacaq klub "Səbail" olacaq. Büdcələri artırılıb. Gedən oyunçular olacaq. İndidən bütün mövqelərə oyunçu axtarırlar. "Sumqayıt" adəti üzrə ucuz və keyfiyyətli futbolçular istəyir. "Şamaxı"da da dəyişikliklər gözlənilir. Amma əsas yenilik "Kəpəz" və "Turan Tovuz"la bağlı olacaq. Premyer Liqaya qayıdan "Turan Tovuz"un xüsusi fəallıq göstərəcəyi gözləniləndir. Fikrimcə, Ayxan Abbasov əlaqələrindən istifadə edib yaxşı komanda yığacaq".
Mirağa